Mülki ermənilərin silahlandırılması İrəvanın militarist siyasətinə dəlalət edir - Polkovnik

 12:46 15.08.2023     288

Mülki ermənilərin silahlandırılması İrəvanın militarist siyasətinə dəlalət edir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu məsələyə etirazlarını bildirməlidirlər.

Redaktor.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, hazırda Ermənistanda baş verənlər rəsmi İrəvanın məkrli niyyətindən, bölgədə yeni qarşıdurma yaratmaq cəhdlərindən xəbər verir: “Son günlər Ermənistanın mütəmadi şəkildə Azərbaycanla sərhəddə çoxlu sayda hərbi texnika, canlı qüvvə toplaması, bölgəyə yeni raket sistemləri, hava hücumundan müdafiə qüvvələri cəlb etməsi İrəvanın qarşıdurma və təxribat niyyətindən xəbər verir. Baş verənlər onu göstərir ki, Ermənistan yeni və irimiqyaslı təxribata hazırlaşır. Məqsəd isə 44 günlük Vətən müharibəsinin nəticələrinə təsir göstərmək, müharibədən sonrakı status-kvonu öz xeyrinə dəyişmək, nələrəsə nail olmaqdır. Sərhəd xəttinə çoxsaylı hərbçilərin cəlb edilməsi ilə yanaşı, mülki vətəndaşların silahlandırılması da bu məkrli niyyətdən irəli gəlir.

Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının şərtlərini kobud şəkildə pozaraq yeni hərbi qarşıdurmaya hazırlaşması İrəvanın sülh haqqında səsləndirdiyi bəyanatların sadəcə imitasiya olduğunu göstərir.

Hesab edirəm ki, həmin Bəyanatın tərəflərindən biri olan Rusiya Ermənistanın bu siyasətinə kəskin etirazını bildirməli, bölgədə yeni təxribatın baş verməsini əngəlləməlidir.

Şübhəsiz, Ermənistan və onun havadarları bilməlidirlər ki, Azərbaycan istənilən təxribatın qarşısını qətiyyətlə alacaq, onun suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edənlərə layiqli yerini göstərəcək. Bununla yanaşı, bir daha bəyan edirik ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür. Yeni təxribat İrəvan üçün yeni məğlubiyyət demək olacaq ki, bunun da ağrısını Ermənistanın hər bir vətəndaşı hiss edəcək”.