"Rusiyanın separatçılara göz yumması, prosesləri arzuolunmaz məcraya yönəldir" - Lətif Babayev

 17:03 16.08.2023     546

Xəbər verdiyimiz kimi, son günlər Ermənistan tərəfi sülh prosesindən yayınmaq istiqamətində bütün addımları atır. Belə ki, bir neçə gündür ki, sərhəddə ermənilər tərəfindən atəşkəs pozulur. Bu, sülh prosesini çətinləşdirmək üçün atılan addımlardan elə ən birincisidir. Daha sonra Yevlaxda Qarabağ erməniləri ilə təşkil olunacaq görüşdən qarşı tərəf son anda imtina etdi. Humanitar yüklərin daşınması istiqamətində də yalan bəyanatlar yayırlar, Azərbaycanın humanitar yardım üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan imtina edirlər.

Ümumiyyətlə, Ermənistan tərəfinin atdığı bütün addımlar sülh prosesini çətinləşdirir. 

Sülh müqaviləsi istiqamətində atılan addımlarla bağlı siyasi analitik Lətif Babayev Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, son 3 gündür Ermənistan tərəfindən və Azərbaycan ərazisində yerləşən erməni separatçıları tərəfindən Azərbaycanı qıcıqlandırılacaq hərəkətlərə yol verilir:

"Birincisi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qeyri-qanuni silahlı erməni birləşmələri qalıb. Ermənistan silahlı qüvvələrinin müəyyən qalıqları da həmin ərazidə bu günədək fəaliyyət göstərir. Baxmayaraq ki, üçtərəfli razılaşmanın dördüncü bəndinə görə, həmin qeyri-qanuni silahlı birləşmələr Azərbaycan ərazisindən çıxarılmalı idi. Bu günədək üçtərəfli razılaşmanın həmin bəndi yerinə yetirilmir. Son günlərdə isə nəinki bu qeyri-qanuni Ermənistan silahlı qüvvələrinin qalıqları bu ərazidə yerləşməklə kifayətlənirlər, artıq ərazidə müəyyən təxribat hərəkətləri törədirlər. Azərbaycan ərazisində harada ki Rusiya sülhməramlılarının nəzarəti zonasında erməni sakinləri yaşayırlar, orada səngərlərin qazılması müşahidə olunur, müəyyən qurğular o ərazilərə daşınır, hətta minaların basdırılması da müşahidə olunur. Bununla bağlı Müdafiə Nazirliyi avqustun 14-də açıqlama vermişdi. Bu işlər faktiki olaraq ermənilərin növbəti müharibə hazırlığına dolayısı ilə işarə edir. Qeyri-qanuni hərbi birləşmələr oradan çıxarılmalıdır, amma əksinə onların fəaliyyəti son zamanlar daha da intensivləşir. Ermənistan tərəfinin Azərbaycanla sərhəddə hansısa müdafiə xarakterli əməliyyatlara hazırlıq prosesi görüməsi də Azərbaycan tərəfində narahatlıq doğurur və bununla bağlı Azərbaycan tərəfi özünün narahatlığını ifadə edib. Yəni Xarici İşlər Nazirliyinin bəyanatında xüsusi olaraq qeyd olunub ki, indiki vəziyyətdə Azərbaycan Ermənistan arasında davamlı sülhün bərqərar olmasından söhbət getdiyi bir şəraitdə ermənilər bizim sülh səylərimizi nəzərə almırlar. Öz revanşist hərəkətləri ilə tamam başqa hərəkətlərə yol verirlər və sülh prosesinin ümumiyyətlə dayandırılmasına səbəb olacaq hərəkətlər törədirlər. Ermənistan tərəfi bilirsiniz ki, artıq BMT Təhlükəsizlik Şurasına müraciət edib ki, guya Azərbaycan tərəfi Laçın yolunu bağlayıb, erməniləri blokadaya alıb. Bununla bağlı bu gün BMT Təhlükəsizlik Şurasının iclası keçirilməlidir. Əslində BMT Təhlükəsizlik Şurasına bu müraciətin özü də Ermənistanın təxribatçı hərəkətlərdən əl çəkmədiyinin növbəti sübutudur".

Lətif Babayev vurğuladı ki, Azərbaycan özünün suveren ərazisində nəzarət-buraxılış məntəqəsindən ermənilərin sərbəst hərəkəti üçün heç bir problem yaratmayıb.

"Yəni Qarabağ ərazisində yaşayan ermənilər istənilən vaxt Ermənistana gedib geri qayıda bilərlər. Humanitar yüklərin daşınmasında bir problem yoxdur. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi guya blokadanın baş verməsi və humanitar fəlakətin astanasında olması ilə bağlı hay-küy qaldırır və BMT-yə rəsmi müraciət edib. Bütün bunlar hamısı sülh prosesinin durdurulmasına, sülh müqaviləsinin bağlanması istiqamətində müəyyən maneələrin yaranmasına səbəb olur. Halbuki Ermənistan tərəfi özü bu prosesin iştirakçısı idi və Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdı. Hazırkı hərəkətlər həmin danışıqların dayandırılması ilə, bir növ ləngidilməsi ilə nəticələnə bilər. Rusiyanın hazırkı mövqeyi çox qəribə və başa düşülən deyil. Çünki separatçı qüvvələrinin silahlandırılmasında müəyyən işlərin görülməsində Rusiya birbaşa iştirak etməsə də, bütün bu şeylərə göz yumur. Bu da prosesləri arzuolunmaz məcraya yönəldir. Digər tərəfdən keçən il oktyabrda Azərbaycan tərəfi bir məlumat yaymışdı ki, İran tərəfindən terrorçu hazırlığı ilə məşğul olan qeyri-hərbçilər Azərbaycan ərazisinə keçərək Qarabağ bölgəsində yaşayan separatçıların qızışdırılması və onların terror hadisələri törətmək üçün hazırlanır. Bütün bunlara baxmayaraq, İran tərəfinin müəyyən qüvvələrinin faktiki olaraq yerləşdirildiyi, o cümlədən PKK qüvvələrinin həmin ərazidəki hazırlıqlarda iştirak etdiyi haqda məlumatlar var. Bu məlumatlar da Azərbaycan tərəfini təbii ki, narahat edir və Ermənistana hazırlıq proseslərinin görülməsinin dayandırılması təklif olunur. Təbii ki, proseslər əgər davam etdirilərsə, revanşist qüvvələrin təhriki ilə orada hansısa bir münaqişə, qarşıdurma baş verərsə, bu, Ermənistanın və Qarabağda yaşayan erməni əhalisinin zərərinə olacaq", - deyə o, bildirdi.

Analtik söylədi ki, Yevlaxda planlaşdırılan görüşün baş tutmamasında səbəb dolayısı ilə həmin hazırlıq hərəkətləridir:

"Hansısa revanşist qüvvələrin Azərbaycana qarşı hansısa planları ilə əlaqəlidir. Burada Rusiyanın da, Rusiya sülhməramlılarının birbaşa olmasa da, dolayısı ilə iştirakı var. Çünki bilirsiniz ki, sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesə Rusiya heç də birmənalı yanaşmır. Baxmayaraq ki, müəyyən dövrlərdə bəyanatlar verilir ki, Ermənistanla Azərbaycan arasında sülhün bağlanmasında onlar da maraqlıdırlar. Ancaq konkret faktiki hərəkətlər bunu təsdiq etmir".

Lətif Babayev dedi ki, humanitar yüklərin daşınması ilə bağlı Azərbaycan XİN öz bəyanatlarını verib. Bundan başqa, Milli Məclis sədrinin və müvafiq komitələrin beynəlxalq parlament təşkilatlarına müraciətləri olub.

"Müraciətlər də göstərir ki, Azərbaycan müxtəlif humanitar yüklərin daşınması ilə bağlı heç vaxt etiraz etməyib, bu yüklərin daşınmasında əksinə yardımçı olub. Ancaq bu yüklərin daşınması adı altında Azərbaycan ərazisinə hansısa silah keçirilirsə, hansısa təyinatı müəyyən olmayan maddələr keçirilirsə, bunun qarşısı alınmalıdır. Bunu blokada kimi, ya erməni sakinlərin humanitar böhrana məruz qalması kimi qələmə vermək yalandır, böhtandır. Bu böhtana, yalana qarşı da Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyur. Sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti davam edir, orada heç bir blokada yaradılmayıb. Alternativ yol təklif etmişik ki, Ağdam-Xankəndi yolu ilə də bu yüklər daşına bilər. Buraxılış məntəqəmiz qoyulandan bu günə kimi iki mindən çox sakin Ermənistan tərəfinə gedib-gəlib. Görünür Ermənitan tərəfinin məqsədi tam fərqlidir. Ermənistan faktiki olaraq bu məsələlərdən manipulyasiya məqsədi ilə istifadə edir. Təbii ki, ona müəyyən dövlətlər tərəfindən, xüsusilə Fransa tərəfindən də ciddi dəstək göstərilir, bir növ onlar qızışdırılır, onlara hansısa vədlər verilir. Qarabağ ərazisində faktiki olaraq hansısa təxribatçı hərəkatlərə yol verilərsə, buna cavab veriləcək. Ən mühüm cavablardan biri bu ola bilər ki, Azərbaycan tərəfi tam qanuni şəkildə öz ərazisində antiterror tədbirləri həyata keçirə bilər. Orada müəyyən toplantılar keçirilir, erməni sakinlər hansısa hərəkətlərə sövq olunurlar. Əhalini düzgün olmayan istiqamətə yönəldirlər. Bir daha qeyd edirəm ki, Laçın nəzarət-buraxılış məntəqəsində heç bir maneə yoxdur. O cümlədən Ağdam-Xankəndi yolu vasitəsilə, digər alternativ yollar vasitəsilə humanitar yüklər çatdırıla bilər", - deyə analitik vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc olunub.

2