"Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə ehtiyacımız var" - Politoloq

 14:39 17.08.2023     325

"BMT Təhlükəsizlik Şurası eyni mövzuya qayıda bilərmi? Bu mümkündür. Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularını yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, hesab edir ki, Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır.

"Misal üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki, müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Mən yenə də o fikrimdə qalıram ki, Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə - çalışdıqları ölkənin siyasi və ictimai dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var", - deyə Şahinoğlu vurğulayıb.

Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Qarabağ bölgəsində "humanitar böhran”la bağlı müzakirələr keçirilib. Sonda heç bir qərar qəbul edilməyib.

Turan İSMAYIL