"Bu məsələdə ermənilərə kimlər dəstək verirsə, onlar da elə bunlar ağıldadır" - Deputat

 15:27 17.08.2023     620

Bildiyimiz kimi, ötən gün BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Diplomat faktlarla Ermənistanın yalanını ifşa edib.

Müzakirələr, Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.

BMT Təhlükəsizlik Şurasnda keçirilmiş iclasla bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat dedi ki, prosesdə Ermənistan adı var idi, əsas rol oynayan, ən çox canfəşanlıq edən Fransa idi.

"Fransanın çox güclü təkidi və təzyiqi nəticəsində bu dinləmələr baş tutmuşdu. Düşünürdülər ki, Azərbaycanı hansısa haqsızlıqla, ədalətsizliklə cəzalandıracaqlar. Ancaq özləri cəza aldılar, özləri öz qurduqları tələyə düşdülər. Yəni bunların fitnəkarlıqları, hüquqa zidd hərəkətləri, sülhə mane olan hərəkətləri haqqında həqiqətlər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı təmsilçisi  Yaşar Əliyev tərəfindən diqqətə çatdırıldı, geniş məlumatlar verildi. Bütün məlumatlar təbii ki, real faktlara, həqiqətlərə əsaslanırdı, təkzib ediləsi heç bir şey yox idi. Birləşmiş Millətlər Təşkilatını və təşkilata üzv olan dövlətlərin hər birini Azərbaycan tərəfi kifayət qədər inandırıcı məlumatlarla təmin edib. Yəni onlarda Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın törətdiyi vəhşiliklər, soyqırımlar, vandalizmi haqqında kifayət qədər məlumat var. Bu, Ermənistanın hələ son oyunbazlığı olmayacaq. Bunların fitnə-fəsadları çoxdur. Nələr hazırlayacaqlar bilmək bilmək olmur, ancaq şükür ki, öz qazdıqları quyuya özləri düşürlər. Bir şeyi qeyd eltmək lazımdır ki, 44 günlük müharibədən əvvəl, 44 günlük müharibə dövründə və ondan sonrakı dövrdə cənab prezidentimiz çoxsaylı beynəlxalq səviyyəli tədbirlərdə Ermənistanın törətdiyi bütün bu yaramaz hərəkətlər haqqında beynəlxalq qurumlara, müxtəlif tədbirlərdə kifayət qədər ətraflı məlumatlar verib. Təbii ki, Yaşar Əliyev də, Xarici İşlər Nazirliyi də və digər təmsilçilərimiz cənab prezidentin tapşırıqları, göstərişləri əsasında bu yolu uğurla davam etdirirlər. Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Bu gün Azərbaycanın haqq-ədalət işini, təbliğ edən, müdafiə elən tərəfdaşlarımız da var. Azərbaycan 120 dövlətin üzvü olduğu böyük bir Qoşulmama Hərəkatına rəhbərlik edir, onun üzvüdür və bu dövlətlər həqiqətlər haqqında kifayət qədər məlumata malikdirlər. Sizlərə də təşəkkür etmək istəyirəm ki, bu illər ərzində Azərbaycan mediası da az iş görməyib, beynəlxalq aləmə kifayət qədər informasiya ötürülüb, Azərbaycan həqiqətləri dünyaya çatdırılıb. Yəni bu işlər təkmil şəkildə aparılıb və nəticəsi də dünən göz qabağında oldu. Bu, Azərbaycanın növbəti siyasət aləmində növbəti diplomatik uğuru, qələbəsi oldu. Ermənistanın oyunbazlığı, hiyləgərliyi və təxribatı bir daha ifşa olundu. Bunların iç üzü, məqsədləri hamıya çatdırıldı ki, bölgədə sülhə əngəl törədən yeganə qüvvədirlər. Bu məsələdə ermənilərə kimlər dəstək verirsə, onlar da elə bunlar ağıldadır", - deyə Elman Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ