"Azərbaycan Xankəndidəki hərbi xuntanın girovluğunda olanları azad edəcək" - AÇIQLAMA

 17:49 17.08.2023     328

"Demək belə, üzə çıxdı ki, Rusiyanın Ukraynada basdırdığı minaların arasında Qarabağ və Şərqi Zəngəzurda olanlardan da var. Yəni Ermənistan öz minalarını indi də Ukraynanın torpaqlarının işğaldan qurtarmasına maneçilik törətmək, bunun üçün savaşanları məhv etmək məqsədilə Rusiyaya ötürür. Yəni İranın yoluyla gedir. Bəs Azərbaycan nə edir? Azərbaycan da həmən minaları təmizləmək üçün Ukraynaya texnika göndərir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

"Qərbdəkilər bunu görür və bilirlərmi? Bəli, görürlər də, bilirlər də. Reaksiyaları necədir, adekvatdırmı? Xeyr, adekvat deyil. Əgər adekvat olsa idi, onlar BMT Təhlükəsizlik Şurasında dünənki toplantıda Laçın yolunun açılması haqda bayatı oxumaqdansa, Qarabağdakı etnik azlığı oradakı hərbi xuntanın girovluğundan qurtarmağa çağırardılar" -  deyən millət vəkilinin sözlərinə görə, Amerikası da, digərləri də gözəl bilirlər ki, Qarabağdakı haydillilərlə haylar heç də blokadada saxlanılmır və aclarından ölmürlər:

"Amma vəziyyətləri ürəkaçan da deyil. Çünki oradakı hərbi xuntanın girovluğundadırlar".

Sahib Alıyevin fikrincə, BMT Təhlükəsizlik Şurasındakı dünənki dinləmə göstərdi ki, onların bu girovluqdan qurtarılmalarına da az qalıb.

"Azərbaycan necə daim üzvlərindən dəstək almadan, əksinə onlardan ən azı üçünün əleyhinə çıxmalarına rəğmən öz torpaqlarını işğaldan qurtararaq sözü gedən qurumun 4 qətnaməsini yerinə yetirdisə, Xankəndidəki hərbi xuntanın girovluğunda olanları da o cür azad edəcək".

Turan İSMAYIL