"Macarıstan həmişə Azərbaycanın yanında olacaq" - Naqif Həmzəyev

 15:07 21.08.2023     826

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri baş tutubDövlət başçısı səfər zamanı Macarıstan Baş naziri Viktor Orban ilə görüşüb.

Milli Məclisin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Naqif Həmzəyev Prezidentin Budapeştə səfəri barədə Redaktor.az-a danışdı.

Deputat bildirdi ki, Azərbaycanla Macarıstan arasında çox yaxşı münasibətlər var:

"Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir və Türk Konseyinin Macarıstanda ofisi fəaliyyət göstərir və Macarıstan türk ailəsinə hər ötən gün daha da yaxından inteqrasiya olunur. Macarısatan Azərbaycanın Avropada və xüsusilə də Şərqi Avropada enerji resurslarının çatdırılması ilə bağlı öz dəstəyini əsirgəmir. Hazırda Azərbaycanın enerji resursları Balkanlara kimi gedib çıxıb. Sonuncu görüş və müzakirələr zamanı Azərbaycan qazının məhz Macarıstana qədər gəlib çatdırılması məsələləri müzakirə edildi. Azərbaycan logistik xidmətlərinin də şaxələndirilməsinə Macarıstanın dəstəyi əvəzsizdir. Həmçinin bilirsiniz ki, Qara dənizin altından yaşıl enerji resurslarının məhz Balkanlara, oradan isə Avropaya çatdırılması layihəsi reallaşdırılır.  Bu baxımdan da Macarıstan bu layihəni də dəstəkləyir və bir sözlə, Azərbaycan yaxın gələcəkdə alternativ enerji resurslarının da bu ölkələrə nəql etdirilməsini reallaşdıra biləcək. Bu məsələdə Macarıstan maraqlı tərəf kimi çıxış edir".

N.Həmzəyev qeyd etdi ki, İlham Əliyev Macarıstana səfəri zamanı orada Bosniya və Herseqovina rəhbərliyi ilə də görüş keçirib.

"Mən bu səfəri uğurlu hesab edirəm. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Balkan dövlətləri, o cümlədən Macarıstan öz dəstəyini bu günə kimi göstərib. Bu gündən sonra da Azərbaycanın yanında sonuna qədər olacaq və Azərbaycana dost, qardaş münasibəti bəsləyəcək. Macarıstanla münasibətlərimizin genişləndirilməsinə biz də maraqlıyıq. Həmçinin Azərbaycan tələbələrinə Macarıstanda xüsusi təqaüdlərin verilməsi və Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanmasında macar hökumətinin və macar dövlətinin səyləri də müsbət dəyərləndirilir. Bu baxımdan da mən düşünürəm ki, yaxın gələcəkdə biz münasibətlərimizin daha da yüksək səviyyəyə çatacağının şahidi olacağıq. Bütün sahələrdə Azərbaycan-Macarıstan əlaqələri inkişaf edəcək", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ