Ermənilər Qarabağı niyə tərk edir?

 17:16 22.08.2023     535

"Biz torpaqları azad etdikdən sonra cənab Prezident qeyd etdi ki, Qarabağdakı ermənilər istəsələr vətəndaş olaraq yaşaya bilərlər. Sadəcə, indiki mövcud şəraitdə Ermənistanla Azərbaycan arasındakı münasibətlər soyuq qaldığı üçün və hələ də Ermənistan təxribat yaratdığı üçün ermənilərin hazırda Qarabağda yaşamağı çox da məqbul görünmür".

Bu sözləri son iki gündə Qarabağ ermənilərinin Azərbaycanı tərk etməsi haqqında Redaktor.az-a danışan Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Xəyal Salahov dedi.

O, bildirdi ki, ermənilərin Qarabağdan öz istəkləri ilə getdiyini biz dəqiq bilə bilmərik:

"Amma onları burdan çıxıb getməsi üçün Azərbaycan məcbur etmir. Azərbaycan onsuz da multikultural dövlətdir və burada onsuz da ermənilər yaşayırdılar, onlara heç kim toxunmurdu. Sadəcə Qarabağdakı vəziyyətə görə, daha doğrusu Ermənistanın atdığı addımlar doğru olmadığı üçün, sərhəddə də vəziyyət gərgin olduğu üçün onlar məcbur olub çıxıb gedirlər. Erməni tərəfi düşünə bilər ki, onların burdan çıxıb getməyini Azərbaycan tələb edir, qətiyyən elə deyil. Onsuz da onlar orada yaşayırdılar, yaşamağa davam edə bilərlər. Böyük ehtimalla onlar Azərbaycan bayrağı altında yaşamağı özlərinə uyğun görmürlər. Yaxud da hələ də Azərbaycana, türkə qarşı olan nifrət buna imkan vermir. Orada qalanlar, yaşayanlar böyük ehtimal gənc nəsil deyil, daha əvvəlki nəsil olacaq. Gənc nəsil artıq o nifrətlə böyüdüyü üçün və o, şəraitə uyğun olmadığı üçün məcbur qalıb tərk edirlər. Bəlkə də bu Ermənistan dövlətinin siyasətidir. Çünki vaxtıilə Türkmənçay, Gülüstan müqavilələrindən sonra da ermənilər bu regiona köçürülürdü. Bu da təbii ki, Rus çarlığının, SSRİ-nin də bir siyasəti idi. Lakin hazırda Azərbaycan torpaqları geri aldığına görə, belə bir gərgin vəziyyət yarandığına görə böyük ehtimalla ermənilərin özləri ehtiyat edib çıxmaq məcburiyyətində qalırlar".

Humay İSGƏNDƏRLİ