"Ermənistana məxsus silahlı qeyri-qanuni birləşmələr də rədd olub gedəcəklər" - Deputat

 12:25 23.08.2023     582

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki separatçılar Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlib.

Belə ki, erməni separatçılarının lideri Arayik Harutyunyan sözügedən məsələni müzakirə obyekti kimi deyil, fakt və reallıq olaraq təqdim edib. 

Sözügedən yol vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirilib. Arayik Harutyunyanın sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək.

Qondarma rejimin bu qərarı ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputatın sözlərinə görə separatçılar anladılar ki, Azərbaycan öz ərazisində bu separatizmi, separatçıları qəbul etməyəcək:

"Bu, hələ ilk addımdır. Sonra separat qurumları da ləğv olunacaq, separatçılar haqqında da müvafiq tədbirlər görüləcək. Ərazimizdə Ermənistana məxsus silahlı qeyri-qanuni birləşmələr də rədd olub gedəcəklər. Bunlar anladılar ki, Azərbaycanla təzyiq dili ilə danışmağa onların nə haqqı yoxdur, nə də gücü. Tək onların yox, onları qızışdırıb ortaya salan, meymun kimi ortada oynadanların da heç bir gücü və haqqı yoxdur. Hamı şahidi oldu ki, Azərbaycana bir çox dövlətlər təzyiq göstərməyə başladılar ki, Laçın istiqamətindən Ermənistan istədiyi vaxt bu separatçılara humanitar yardım gətirməlidir, hər şey daşımalıdır. Gördülər ki, alınmadı. Tədricən onlara gedən yüklər, yardımlar Azərbaycan tərəfindən yoxlanılacaq, lazım olan buraxılacaq, olmayan buraxılmayacaq. Başqa şərtlər də olacaq, vətəndaşlıq məsələsi var. Bizim vətəndaşımız kimi orada yaşamaq məsələsi var, əks təqdirdə Laçın yolu üzü Ermənistana tərəf açıqdır. Ehtiyaclarını ödəmək üçün Azərbaycan təklif etdi və istəyinə də nail oldu. Ağdam-Xankəndi yolu tam açılmalıdır,  Ağdam-Xankəndi-Şuşa-Laçın yolu işləməlidir. Üstəgəl də Ağdərə istiqamətindən Kəlbəcərə yol işləməlidir, bu, Azərbaycan ərazisidir! Heç kimə icazə verilmir ki, bizim yollarımızı bağlasın. 2-3 gündür seperatçılar yavaş-yavaş təmizlənib gedirlər. Gedənlərin sayı bir az da arta bilər. Ya vətəndaşımız olub burada dinc, yanaşı yaşamalısan, ya da ərazimizi tərk eləməlisən. Əgər Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməmisənsə, vətəndaşlığımızı qəbul et və yaşa".

Humay İSGƏNDƏRLİ