"Azərbaycan qanunlarını tanımayan ermənilər çıxıb getməlidir" - Fazil Mustafa

 15:45 23.08.2023     593

"Separatçıların belə bir razılığa gəlməsi, bizim şərtlərin artıq tədricən qəbul edilməsi onların çıxılmaz vəziyyətdə olduğunu göstərir".

Bu sözləri Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlməsi haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa dedi.

Millət vəkili hesab edir ki, biz narahatlıq keçirməməliyik, təxribat olacaqsa, yerində cavab veriləcək:

"Əgər əməkdaşlığa meyl edəcəklərsə, əməkdaşlığın parametrlərini müəyyən edib əməkdaşlıq ediləcək. Yəni burada bizim üçün heç bir narahatedici amil yoxdur. Öz prinsipial mövqeyimizi davam etdirməliyik. Bu yol üzərindən də normal təhlükəsizliyi təmin edib, ermənilərin humanitar yüklərinin daşınmasına, ancaq Azərbaycanın icazəsi ilə və Azərbaycan ərazisindən gerçəkləşdirilməsinə müəyyən dərəcədə şərait yaratmalıyıq. Amma bu o demək deyil ki, biz orada növbəti addımlarımızı atmaqdan çəkinməliyik. Çünki bizim üçün əsas məsələ burada yaşayan azlığın Azərbaycan qanunlarını tanımasıdır. Yəni kim ki, tanımırsa çıxıb getməlidir, kim tanıyırsa, onda vətəndaşlıq məsələlərini həll etmək mümkündür".

Qeyd edək ki, bundan əvvəl Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Arayik Arutyunyan dünən Təhlükəsizlik Şurasının iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edib.

Ağdam-Xankəndi  yolu vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirilib. Arayik Harutyunyanın sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək.

Onu da əlavə edək ki, bir qədər öncə Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan "Hraparak"ın məlumatını təkzib edib.

“Qərar hələ qəbul edilməyib, lakin müzakirələr davam edir və Arutyunyan yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən dərc edəcək”, - o, bildirib.

Humay İSGƏNDƏRLİ