Füzulidəki məktəbin açılmasının həm böyük siyasi, həm də mənəvi əhəmiyyəti var - Deputat

 17:16 23.08.2023     446

Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanda dövlət səfərindədir. Ötən gün iki ölkə arasında bir sıra vacib sənədlər imzalandı.

Bu gün isə Şavkat Mirziyoyev Özbəkistanın dəstəyi ilə Füzulidə tikilmiş Mirzə Uluqbəy adına məktəbin açılışında iştirak edib.

Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Ceyhun Məmmədov Şavkat Mirziyoyevin səfəri ilə bağlı Redaktor.az-a danışdı.

Ddeputat dedi ki, belə bir məktəbin açılmasının həm böyük siyasi, həm də mənəvi əhəmiyyəti var:

"Özbəkistan- Azərbaycan münasibətləri davamlı inkişafdadır. Yəni bu gün iki ölkə liderinin həyata keçirdiyi siyasət nəticəsində bu əlaqələrin hər il inkişaf etdiyini görürük. Cənab prezident təkcə ötən il üç dəfə Özbəkistanda səfərdə oldu və müxtəlif sənədlər imzalandı. Bu gün hər iki dövlət tam strateji müttəfiqlik səviyyəsində əlaqələrini qurublar. Qeyd etmək lazımdır ki, Özbəkistan Qarabağla bağlı məsələlərdə də hər zaman Azərbaycanın yanında olub, hər zaman Azərbaycanın haqq mövqeyini dəstəkləyib. Hətta Özbəkistan 1998-ci ildə BMT-də müzakirələr zamanı da Azərbaycanla bağlı öz dəqiq, konkret mövqeyini ortaya qoymuş bir ölkədir. Eyni zamanda Özbəkistan ilk respublikalardandır ki, artıq Qarabağda ilk məktəbini açdı. Bu onu göstərir ki, iki ölkə arasında əlaqələr davamlı inkişaf edir, hər iki ölkə əlaqələrinin inkişafında maraqlıdır. Biz bununla  Özbəkistanın Azərbaycana növbəti sevgisinin, səmimi istəyinin və dəstəyinin şahidi olduq. Füzulidəki məktəb ən müasir səviyyədə, böyük ərazidə inşa olunub. Bu gün cənab prezidentlə Özbəkistan prezidenti bu məktəbin açılışını həyata keçirdi. Hesab edirəm ki, bu, iki ölkənin qarşılıqlı münasibətlər istiqamətində əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirilməlidir".

Humay İSGƏNDƏRLİ