"Özbəkistanın Azərbaycana bu hədiyyəsi qardaşlıq, həmrəylik rəmzidir" - Deputat

 12:15 24.08.2023     480

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfərinin dövlət səfəri olmasından və ilk gününün proqramından aydın görünür ki, bu səfər strateji baxımından nə qədər böyük əhəmiyyətə malikdir".

Bu sözləri Redaktor.az-a danışan Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Məlahət İbrahimqızı dedi.

Millət vəkili söylədi ki, səfər proqramı çərçivəsində imzalanan sənədlər səfərin nə qədər əhəmiyyətli olduğunu sübut edir:

"Səfərin ilk günü sənədlərin imzalanma mərasimi bitdikdən sonra hər iki ölkə başçısı bəyanatlarla çıxış ediblər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz bəyanatında bu səfəri yüksək qiymətlındirərkən Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevi salamlayaraq onun Özbəkistan Prezidenti seçilməyindən sonra ilk dövlət səfərini Azərbaycana etməyini çox yüksək qiymətləndirdi. Əslində cənab İlham Əliyev bununla qardaşlığımızın, dostluğumuzun və ölkələrimiz, xalqlarımız arasındakı münasibəti vurğulayaraq həm də Azərbaycan və Özbəkistan arasında ən yüksək səviyyədə yeni bir dövlət ənənəsinin təməlinin qoyulmasına işarə etdi. Biz belə ənənəni uzun illərdir ki, Azərbaycan və Türkiyə arasında görmüşük. İki dövlət başçısı arasında görüşün üç saat çəkməsi və qarşılıqlı etimad mühitində fəaliyyətin möhkəmlənməsi, bütün istiqamətlər üzrə əldə edilən nailiyyətlərin, eləcə də bütün sahələrdən beynəlxalq platformalardakı əməkdaşlığın hər bir istiqamətinin müzakirə edilməsi və bütövlükdə aparılan danışıqların geniş spektrini göstərir. Möhtərəm prezidentimiz səfərin ilk günü çərçivəsində keçirilən görüşləri yüksək dəyərləndirərək Ali Dövlətlərarası Şuranın yaradılmasının xüsusu əhəmiyyətini qeyd etdi. Sənayedən iqtisadiyyəta, enerjidən nəqliyyat, logistika, mədəniyyət və humanitar sahədə yaradılmış əməkdaşlıqla bərabər 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisiya Fondunun yaradılması bir daha göstərir ki, iki ölkə arasında qısa müddət ərzində nə qədər böyük nailiyyətlər əldə edilibdir".

M.İbrahimqızı bildirdi ki, sıx əməkdaşlıq çoxəsrlik tarixə malik olan Azərbaycan-Özbəkistanın sarsılmaz dostluğu və qardaşlığı üzərində qurulub.

"Səfərin ikinci günündə bu iki ölkənin başçılarının iştirakı ilə Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Azərbaycan ərazisində, Füzulidə inşa edilmiş məktəbin açılışında iştirak etmələrini bu səfərin zirvəsi adlandırmaq olar. Möhtərəm prezidentimiz bu məktəbi Qarabağın bərpası işində ilk xarici dövlətin Azərbaycana hədiyyəsi adlandırdı və əslində bunu qardaşlıq, həmrəylik rəmzi adlandırmaq olar. Dövlətimizin başçısı özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan bu məktəbi bir təhsil sarayı adlandırdı. Mətbuat konfransında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bəyanatla çıxış etdi. O öncə yüksək səviyyəli dəvətə və hədsiz səmimi qəbula görə təşəkkür edərək cənab İlham Əliyevin Özbəkistana olan çox səmərəli və məhsuldar görüşünü, iki qardaş ölkənin əməkdaşlığının önəmi haqqında danışdı. Özbəkistan Prezidenti dövlətinin xarici siyasətində Azərbaycanın mühüm rol oynadığını və hazırda bu münasibətlərin tam yeni mərhələyə yüksəldiyini və bu səbəbdən də ilk dövlət səfərinin də məhz Azərbaycana etdiyini fəxrlə qeyd etdi. Prezident Şavkat  Mirziyoyev Özbəkistanın xarici siyasət vektorunda Azərbaycanın siyasi, iqtisadi və mədəni ağırlığının getdikcə artacağını qeyd etdi. O möhtərəm prezidentimizin müdrik siyasətilə ölkəmizin beynəlxalq aləmdəki getdikcə artan nüfuzu və uğurları ilə özbək xalqının qürur duyduğunu qeyd etdi. Həqiqətən də səfərdə hər iki dost və qardaş dövlətin prezidentləri möhtərəm cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin həm şəxsi, həm də ikitərəfli münasibətlərində xalqlarımızın ruhuna uyğun yürütdükləri uğurlu siyasətin nəticəsi olaraq iki dövlətin beynəlxalq məsələlərdə qardaşlıq mövqeyinin nümayiş etdirilməsinin şahidi olduq. Azərbaycanla Özbəkistanın tərəfdaşa çevrilməsi siyasi və iqtisadi müstəvidə aydın şəkildə görünür", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ