"Priqojinin ölümündən sonra maraqlı hadisələr olacaq" - Politoloq

 13:30 24.08.2023     415

Xəbər verdiyimiz kimi,  ötən gün “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Rəsmi məlumatlara əsasən həlak olanlar arasında Y. Priqojin də var.  

Bəzi mənbələr bildirirlər ki, Priqojin Rusiya Prezidenti Vladimir Putinə xəyanət etdiyi üçün, yəni bir müddət öncə qiyam etdiyi üçün öldürtdürülüb.

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Redaktor.az-a bildirdi ki, xəyanət bağışlanmamalıdır.

"Priqojin doğrudan da, Rusiyada sistemə qarşı çıxan və bir vaxtlar olduğu mühüti tərk edərək öz keçmişini unudan şəxslərdən olub. Onun başına nələr gətiriləcəyi, aqibətinin necə olacağı proqnozlaşdırılan idi. İyun ayında Priqojinin başçılığı altındakı qiyamdan bəlli idi ki, aqibəti heç də yaxşı olmayacaq. Söhbət təkcə hansısa bir şəxsin və Rusiyanın liderinin ona qarşı rəftarından getmir. Ümumilikdə sistemin buna imkan verməməyi ilə bağlı müxtəlif mülahizələr gəzirdi. Dünən baş verənləri istintaq təyin edəcək, istintaq bununla bağlı öz yekun qərarını verəcək. Bir çox mülahizələr var idi ki, Rusiyada hakimiyyətin manevr imkanları daralır, Rusiya hakimiyyətinə qarşı daxildə müxtəlif güclər mübarizə aparacaqlar. Bütün bu fikirlər və proqnozlar alt-üst olur və alt-üst olmaqdadır. Rusiya dövləti prezidentinin ətrafında fəaliyyətini davam etdirəcək. Həm daxili müxalifət, həm də xaricdə olan müxalifətə qarşı vahid və həmrəy mübarizə aparılacaq. Rusiya və Ukrayna arasında olan müharibə və müharibənin gedişatı da onu göstərir ki, burada məsələ heç də sadə və gözlə görünən kimi deyil. Artıq ABŞ və Rusiya arasında da müxtəlif dialoqlar gedəcəkdir, Avropanın bir çox ölkələri də başa düşməyə başlayıb ki, müharibəni dayandırmaq lazımdır və müharibənin davamı elə Avropa İttifaqının özünün də xeyrinə deyil. Hər halda Priqojinin ölümündən sonra maraqlı hadisələr olacaq. Həm Belarus ətrafında, həm Afrikada, həm Rusiyanın maraq dairələri olan ölkələrin gələcək aqibəti maraq doğuracaqdır. Eyni zamanda Polşa və Ukrayna sərhədi yaxınlığında baş verənləri də mən düşünürəm ki, diqqətlə izləməliyik", - deyə o, qeyd etdi.

Humay İSGƏNDƏRLİ