"Şavkat Mirziyoyevin Azərbaycana səfəri dostlara da, düşmənlərə də bir daha sübut elədi ki..." - Deputat

 17:54 24.08.2023     456

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi, bu iki qardaş dövlət arasındakı münasibətin, qaşılıqlı etmad və önəmin səviyyəsinin əyani göstəricisidir. Səfər çərçivəsində imzalanan sənədlərdən birinin Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilə olması bunu bir daha sübut edir".

Bu sözləri Redaktor.az-a danışan Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Əziz Ələkbərli dedi.

O, söylədi ki, səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər bütün sahələr üzrə qarşılıqlı fəaliyyətin, beynəlxalq əməkdaşlığın möhkəmlənməsində öz töhfəsini verəcək:

"Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın böyük tarixi əsasları var. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, millət və dövlət olaraq, biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik. Təsadüfi deyil ki, Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Qarabağın bərpası işinə də qardaş Özbəkistan ilk sırada öz töhfəsini verib, Prezident Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzulidə məktəb inşa olunub. Hazırda bu məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Bu məktəbdə Azərbaycan-Özbəkistan qardaşlığını daha da irəli aparacaq yeni nəsil yetişdiriləcək. Özbək xalqının əsrlərə söykənən Nizami sevgisi və Azərbaycan xalqının əsrlərə söykənən Nəvai sevgisi xalqlarımızı həmişə yaxınlaşdırıb. Sovet illərində Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin inkişafında Azərbaycan rəhbəri Heydər Əliyev və Özbəkistan rəhbəri Şərəf Rəşidovun, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən yeni dünya düzəninə uyğun olaraq daha da inkişaf etdirilir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri dostlara da, düşmənlərə də bir daha sübut elədi ki, bu iki dövlət və bu iki xalq arasındakı qardaşlıq daimidir və əbədidir".

Humay İSGƏNDƏRLİ