Qədim tarixə malik əməkdaşlıq

 17:59 24.08.2023     336

Azərbaycan və Özbəkistan ölkələri arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə bildirdi ki, ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı. Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib ki, xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik.

Qədim tarixə malik olan etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri