"Arutyunyanın Ağdam yolunun açılması ilə bağlı qərar verməsindən başqa çıxış yolu yoxdur" - Deputat

 17:07 25.08.2023     455

Bildiyimiz kimi, bir neçə gün öncə Ermənistanın “Hraparak” nəşri Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlməsi haqqında   məlumat yaymışdı. lakin həmin gün separatçıların lideri Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan “Hraparak” qəzetinin məlumatını təkzib edərək bildirdi ki, “Qərar hələ qəbul edilməyib, lakin müzakirələr davam edir və Arutyunyan yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən dərc edəcək”.

Maraqlıdır, bu təkzib hansısa ölkənin təzyiqi səbəbindən ola bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Redaktor.az-a danışdı

Deputat dedi ki, bu hansısa ölkənin təzyiqi ola bilməz.

"Burada məsələ bilirsiniz nədir, hər bir film barədə bəzən gözəl "spoiler" verilir. Bu da onların "spoiler"idi. Sadəcə olaraq, ictimai rəyi öyrənmək üçün bu cür məlumatı informasiya məkanına tulladılar. Digər ölkələrin və tabeliklərində olanların reaksiyasını qiymətləndirmək istəyirlər. Arayik Arutyunyan - baş separatçı və cinayətkar bu treyləri cəmiyyətə atdı, yəni Qarabağda yaşayan ermənilərin içərisinə atdı və informasiya yayıldı. Bununla həm Ermənistandakı reaksiyanı öyrənmək istədi, həm də ki, Qarabağda yaşayan qondarma siyasi qüvvələrin reaksiyasını öyrənmək istədi. Çünki sonrakı reaksiyalara uyğun olaraq olaraq siyasətini uyğun şəkildə aparmaq istəyir. İndi o baxır ki, hansı qüvvələr bunu necə qəbul edir. Qəbul edənlərlə əməkdaşlığa başlayacaq. Hansılar bunu qəbul etmədisə, daha çox radikallıq göstərdisə, onların necə susdurulması ilə məşğul olacaq. Çünki Arayik Arutyunyanın Ağdam yolunun açılması ilə bağlı qərar verməsindən başqa çıxış yolu yoxdur. Yəni bu sadəcə olaraq informasiya məkanına atılmış "spoiler" idi və bu da sonrakı addımları müəyyən etmək, dostu-düşməni tanımaq üçün idi. Eyni zamanda, Ermənistan və orada yaşayan ermənlərin reaksiyasını öyrənmək üçün idi ki, sonrakı addımları müəyyənləşdirə bilsin", - deyə Razi Nurullayev bildirdi.

Humay İSGƏNDƏRLİ