""Makaron"un bu hərəkəti Azərbaycana qarşı müharibə çağırışıdır" - Deputatdan AÇIQLAMA
Fransanın Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə "humantiar yardım" yollayacağı barədə məlumatlar yayılıb. Bildirilir ki, Paris meriyasının təşkil etdiyi TIR-lar avqustun 30-da saat 12:00-da "Laçın" sərhəd-keçid məntəqəsinin qarşısında olacaq.
Fransanın ölkəmizə qarşı təxribat istəyi ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.
O, söylədi ki, Fransa bu gün də özünün 100 illər boyu davam edən müstəmləkəçilik siyasətini davam etdirir:
"Fransa belə hesab edir ki, Azərbaycan da onun diqtəsi ilə, iradəsi ilə yanaşmalıdır. Azərbaycana qarşı nə istəsə edə bilər, Azərbaycanı nəyə isə özünün maraqları çərçivəsində məcbur edə bilər düşüncəsindədir. Ancaq çox səhv edir, bu, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə zidd olan bir hərəkətdir. Suveren, müstəqil dövlətin ərazi bütövlüyünə qarşı müdaxilədir, hörmətsizlikdir. Bir növ Azərbaycana qarşı müharibə çağırışı etməkdir. Yəni deyirlər ki, mən özümün rəsmi nümayəndələrim ilə sənin ərazindəki separatçılara, cinayətkarlara yardım göndərirəm. Bunun bir adı var: Fransa özü özünə ad verir ki, elə o da cinayətkardır, o da işğalçı dövlətdir, terrorçudur. Necə başa düşmək olar ki, "makaron"un, "vermişel"in, bir sözlə, erməni dığasının rəhbərliyi ilə Azərbaycana yük göndərilsin? Bu, elə belə hərəkət deyil, dövlətə qarşı müharibə çağırışıdır. Dövlətin qanunlarının pozulmasıdır, dövlətin daxili işlərinə müdaxilədir, dövlətin ərazi bütövlüyünün pozulmasıdır. Əgər ərazi bütövlüyü pozulursa, həmin hərəkəti edən tərəf bu dövlətə qarşı meydan oxuyur, müharibə çağırışı edir. Düşünürlər ki, bunlar bu yollarla Azərbaycanın iradəsinə təsir edə biləcəklər, nəyəsə nail ola biləcəklər, ancaq səhv edirlər. Cənab Prezidentimiz bu günlərdə Laçında Şəhər Günü münasibətilə olan tədbirdə də bir daha bəyan etdi ki, belə hərəkətlərlə bizə təzyiq göstərib, nəyəsə nail ola bilməyəcəklər. Onların göndərdikləri də gəlib sərhəddəki digər TIR-ların sırasını artıracaq. Onsuz da Fransanın, Avropa İttifaqının nümayəndələri orda idilər, bir az da sayları artacaq. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı əgər ədalətli mövqedən çıxış edirlərsə, qərəzli deyillərsə, Fransanın bu hərəkətlərinə hüquqi və ədalətli qiymət verirlərsə, özləri də dilə gəlib Fransanı tənbeh etməlidirlər, bu yoldan çəkindirməlidirlər. Dünya dövlətləri Fransanın bu hərəkətinə qarşı çıxmalıdır ki, bununla sən nə demək istəyirsən? Demək, sən işğalçılıq siyasətini davam etdirmək istəyirsən? Sən müstəmləkəçilik siyasətini davam etdirmək istəyirsən? Təbii ki, Azərbaycan öz sözünü deyir, mövqeyini bildirir. Ancaq buna beynəlxalq qurumlar da səssiz qalmamalıdırlar. Özlərinin haqq səsini qaldırmalıdırlar ki, Fransa dövləti sən nə hərəkətlə məşğulsan, nə ilə məşğulsan? Yaxşı, sabahısı gün digər bir dövlət sənə qarşı bunu edə bilər, qəbul edəcəksənmi?"
Deputat dedi ki, Fransa ermənilərə kömək etmək istəyirsə, nə yardımı, nə zəhəri-zəhrimarı varsa Ermənistana göndərsin.
"Dünyanın müxtəlif yerində yaşayan ermənilərə göndərsinlər. Sən Azərbaycanın daxilində olan 5-10 min erməniyə hansı haqla, hansı hüquqla yük göndərirsən? Bu, baş tutan bir şey deyil. Sadəcə olaraq ara qarışdırmaq məqsədiylə təxribatçı bir kampaniyadır, məqsəd bütün bu kampaniyaların fövqündə yenidən ya Birləşmiş Millətlər Təşkilatında, ya Avropa İttifaqında Azərbaycana qarşı yenə dinləmələr keçirtməkdir. O yükü göndərənlər əzbər bilirlər ki, bu yük elə göndərdikləri yerdə Ermənistan ərazisində də qalacaq, Azərbaycan ərazisinə keçməyəcək. Məqsəd o yükün istiqaməti üzrə çatdırılması deyil, məqsəd göndərilən yük vasitəsilə yeni bir təxribat, yeni bir təzyiq dalğası yaratmaqdır. Guya ki, Azərbaycanın Qarabağ bölgəsindəki o cinayətkarlar acından ölür, bunlar da onlara kömək göndərir. Necə ki, Birinci Dünya müharibəsi dövründə ermənilər kimlərinsə əlində alət olublar, bu dövrdə də alətdirlər. Onlar yenə də Azərbaycana qarşı, Türk dünyasına qarşı bir alət kimi, bir təzyiq vasitəsi kimi istifadə olunur", - deyə Elman Məmmədov vurğuladı.
Humay İSGƏNDƏRLİ