Azərbaycan ərazisində yalnız Qızıl Aypara Cəmiyyəti humanitar yardım göstərə bilər - AÇIQLAMA

 12:26 29.08.2023     593

Bu gün Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanovun verdiyi məlumata görə, erməni əsilli Azərbaycan vətəndaşlarına ilkin mərhələ üçün 40 ton un məmulatı göndərilib.

Azərbaycanın bu addımı ilə bağlı politoloq Elçin Mirzəbəyli Redaktor.az-a danışdı.

O, söylədi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, istər ölkə ərazisində, istərsə də sərhədlərimizdən kənarda nizamnaməsindən və prinsiplərindən irəli gələn istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

"Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin və müdafiə naziri əvəzi Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təsisatın öz Nizamnaməsi, Cenevrə konvensiyaları və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunla tənzimlənir. Sözügedən qanuna əsasən, Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının ərazisində Qızıl Aypara Cəmiyyətindən başqa, eyni missiyanı həyata keçirən hər hansı bir təsisatın, o cümlədən Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə icazə verilmir. Çünki Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, ölkəmizdə bütövlükdə hərəkatı, həm də yeganə milli təsisat kimi təmsil edir. Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətinə, həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm milli qanunvericiliyə, həm də təsisatın nizamnaməsinə görə, humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi, həmçinin qeyd olunan məsələlərlə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq daxildir. Bütün bunlar isə Qızıl Aypara Cəmiyyətinin irqindən, dinindən asılı olmayaraq, Azərbaycan ərazisində yaşayan hər kəsə, o cümlədən erməni əsilli şəxslərə də humanitar yardımın göstərilməsinə görə məsuliyyət daşıdığını və bu istiqamətdə fəaliyyət göstərən yeganə legitim təsisat olduğunu təsdiqləyir", - deyə Elçin Mirzəbəyli bildirdi.

Humay İSGƏNDƏRLİ