"Qarabağda yaşayan ermənilər humanitar yükü qəbul etməyəcəklər - Deputat

 14:24 29.08.2023     581

Xəbər verdiyimiz kimi, Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

Maraqlıdır, bu yük qəbul olunacaqmı? Azərbaycan tərəfinin bu addımı necə qiymətləndirilir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a danışdı.

Deputat söylədi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qəbul etdiyi qərar doğru qərardır:

"Bu qərar Qızıl Aypara Cəmiyyətinin nizamnaməsinə, niyyətinə və fəaliyyətinə uyğun bir qərardır. Əgər Azərbaycan ərazisində yaşayan potensial Azərbaycan vətəndaşları humanitar böhran içərisində olduqlarını iddia edirlərsə, o zaman öz missiyasına uyğun olaraq mütləq Qızıl Aypara Cəmiyyəti belə bir addım atmalı idi. Qızıl Aypara Cəmiyyətinin sədri hörmətli Novruzəli müəllim qeyd etdi ki, burada heç bir başqa niyyət yoxdur, qərar humanitar əsaslarda qəbul edilib. Üstəlik, məlumatlar Beynəlxalq Qırmızı Xaç Komitəsindən, eyni zamanda Beynəlxalq Qızıl Aypara Cəmiyyətindən alınaraq təhlil edilərək qəbul edilibdir. Yəni bu onu göstərir ki, dünyanın ən böyük humanitar təşkilatları ilə birgə koordinasiyalı şəkildə Qızıl Aypara Cəmiyyəti bu qərarı qəbul edib və yardıma ehtiyacı olanlara yardım aparır. Bu, Azərbaycan xalqının xoş niyyətinin göstəricisidir. Əgər doğrudan da ermənilərin iddia etdikləri kimi, Qarabağda problem humanitar problemdirsə, bu zaman ermənilər mütləq humanitar yardımı qəbul etməlidirlər. Əgər qəbul etməyəcəklərsə, o zaman bəlli olacaq ki, problem humanitar problemi deyil. Məsələ humanitar məsələ deyil, məsələ separatçılıqdır, Azərbaycana inteqrasiyadan imtina etməkdir, sülhdən imtina etməkdir. Ona görə də mən düşünürəm ki, ilk başdan əgər biz proqnozlaşdırmağa çalışsaq ki, onlar bu yükləri qəbul edəcəklər, yoxsa etməyəcəklər, mən düşünürəm ki, bir müddət bu yükü qəbul etməyəcəklər".

Humay İSGƏNDƏRLİ