"Fransanın Qafqazda dekolonizasiya siyasəti əsla baş tutmayacaq" - Deputat

 14:57 29.08.2023     421

Bildiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransı zamanı Azərbaycanın əleyhinə fikirlər səsləndirib. O, növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddialar irəli sürüb. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransanın növbəti iddiaları ilə bağlı Redaktor.az-a danışdı.

O, bildirdi ki, Qızıl Aypara Cəmiyyətinin bu gün atdığı addım Fransa prezidentinin iddia etdiyi kimi, Fransadan göndəriləcək "humanitar yardım"a yaxşı bir cavabdır:

"Əgər söhbət humanitar böhrandan gedirsə, Azərbaycan özü bunu edirsə və bunu edəcəyi ilə bağlı dəfələrlə bəyanat veribsə, o zaman Fransadan və Ermənistandan Azərbaycan ərazisində hər hansı "humanitar yük"ün göndərilməsinə ehtiyac yoxdur. "Humanitar fəlakət" adı altında Fransa və Ermənistan humanitar şou yaratmağa çalışılar. Fransa beynəlxalq hüququ pozaraq, dövlətlərarası münasibətlərə yaraşmayan hərəkətlər edərək, Azərbaycana qarşı bəyanatlar səsləndirir, Azərbaycanda yaşayan ermənilərin humanitar böhranla üz-üzə qaldığı ilə bağlı iddialar səsləndirir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasında yeni qətnamə təşəbbüsü ilə çıxış edəcəyini bildirir. Bütün Şimali Afrikada baş verən hadisələr bir daha onu göstərir ki, hazırda bütün dünyada dekolonizasiya prosesi gedir, yəni kolonizasiya siyasəti iflasa uğrayır. Belə olduğu halda yenidən Fransanın Qafqazda dekolonizasiya siyasəti aparması baş tutmayacaq. İstər bunu humanitar iddialar adı altında etsin, istər Ermənistan-Fransa dövlətlərarası münasibətlər kontekstində don geyindirərək etməyə çalışsın, bu, əsla baş tutmayacaqdır".

Humay İSGƏNDƏRLİ