"Qarabağda olan hər bir erməni bilsin ki, onların davranışları izlənilir" - Deputat

 17:23 29.08.2023     421

Bildyimiz kimi, ötən gün Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 

Qeyd edək ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində həmin erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. 

Baş Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

Bir müddət əvvəl isə “Laçın” sərhəd-buraxılış məntəqəsində 1992-ci il Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri Vaqif Xaçaturyan saxlanılmışdı.

Göründüyü kimi, Azərbaycan dövləti soyqırım, müharibə cinayətləri törədənləri də, bayrağımızı təhqir edənləri də cəzasız qoymur.

Mövzu ilə bağlı  Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Deputatın sözlərinə görə, müharibədən əvvəlki dövrdə də dəfələrlə Azərbaycan deyib ki, biz bu hərəkətlərə biganə qalmayacağıq:

"Yəni hər bir cinayətkar mütləq öz cəzasını alacaq, buna heç kimin şübhəsi yoxdur. Təəssüf ki, ermənilər bundan nəticə çıxarmadılar və eyni təxribatları, cinayətləri davam etdirdilər. Vaqif Xaçaturyanın həbsi, dünən erməni futbolçularının həbsi bir daha göstərdi ki, Azərbaycan öz mövqeyində prinsipial və qətiyyətlidir. Qarabağda olan hər bir erməni bilsin ki, onların davranışları izlənilir və cinayət törədənlər mütləq cəzalandırılacaq. Təəssüf ki, bu gün də Qarabağda seperatçılıqla məşğul olan insanlar yenə də var. Bunlar hamısı qeydiyyata alınır, təhlil olunur. Bu gün reinteqrasiya dövrünə daxil oluruq, istəyirik ki, bölgəyə sülh gəlsin və bölgənin inkişafına nail olaq. Amma cinayətlərə, təxribatlara da səbr və dözüm nümayiş etdirmək niyyətində deyilik. Cinayət törədən hər bir kəs mütləq cəzalandırılacaq. Ona görə bu gündən sonrakı davranışlarında da diqqətli olmalıdırlar. Görünən odur ki, Azərbaycanın dəfələrlə xəbərdarlığına baxmayaraq, ermənilər hələ də bu cinayətləri davam etdirir və nəticədə də cəzalandırılırlar. Düşünürəm ki, Azərbaycanın bu addımları erməniləri ciddi düşündürməlidir və çalışmalıdırlar ki, belə əməllərə, təxribatlara son qoysunlar. Əgər son qoymasalar, əlbəttə, Azərbaycanın buna qarşı cəzası çox sərt olacaq. Son proseslər də bunu bir daha təsdiq edir".

Humay İSGƏNDƏRLİ