"Rusiya özü də bu hadisələrdə ermənilərə xidmət edir" - Vahid Əhmədov

 16:23 30.08.2023     562

Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım göndərilib. Amma həmin yardım Ağdam-Xankəndi yolundadır. Çünki Qarabağda yaşayan erməni separatçıları yardımı istəmirlər. "Zəhərlidir", "vaxtı keçib" və s. kimi bəhanələrlə yardımı qəbul etmirlər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışdı.

Millət vəkili dedi ki, bu barədə Azərbaycanın dövlət başçısına Fransanın prezidenti də zəng vurub:

"Bu məsələləri müzakirə etdilər, dövlət başçısı faktiki olaraq öz mövqeyini bildirdi. Tamamilə düzgün mövqe bildirdi ki, Ağdam-Xankəndi yolu açıqdır, humanitar yardım göndəririk. Buna baxmayaraq, erməni separatçıları yardımı qəbul etmirlər. Bütün danışıqları biz aparırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Qarabağda yaşayan erməni icmaları ilə danışıqlar getdi, sonradan yenə onların digər havadarları qoymadılar ki, danışıqlar aparılsın. O yol açılmalıdır və bizim Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərməyimizdə heç bir problem yoxdur. Laçın yolu ilə bağlı məsələyə cənab prezident toxundu və dedi ki, orada bizim postumuz var, Ağdam-Xankəndi yolu açılandan sonra o yolun da işləməsinə diqqət yetirilə bilər. Amma bir şərtlə ki, orada bizim nəzarət mexanizmimiz həyat keçiriləcək. Çünki orada gömrükçülərimiz, sərhədçilərimiz var. Bu məsələdə ermənilərin belə addım atmağa təhrik edən dövlətlər var. Sülhməramlılar da öz funksiyalarını düzgün yerinə yetirmirlər və 10 noyabrda imzalanmış saziş yerinə yetirilmir, erməni silahlıları yenə orada fəaliyyət göstərir. Humanitar yüklər olan yolda sülhməramlıların yolu bağlamağı, yola tikanlı məftil düzmələri onu göstərir ki, Rusiya özü də bu hadisələrdə ermənilərə xidmət edir. Ora Azərbaycan yoludur, tikanlı məftilə, post qurulmasına ehtiyac yoxdur. Bu, bir daha sübut edir ki, Rusiya bu işin içindədir".

Vahid Əhmədov söylədi ki, Azərbaycan hökumətinin özünün çox aydın mövqeyi var.

"Qarabağda yaşayan ermənilərə biz tərəfdən heç bir problem yoxdur. Onlara bütün şərait yaradılır. Onlar Azərbaycan vətəndaşlığını, bayrağını qəbul etməlidirlər. Orada cənab Prezidentin təyin etdiyi icra nümayəndəsi işləməlidir. Yəni ora Azərbaycan ərazisidir, müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları var. Türkiyənin dövlət başçısı qeyd etdiyi kimi onlar oradan çıxmalıdır və vaxtlarına az qalıb, 2024-cü ildə oranı tərk etməlidirlər. Bu məsələdə Azərbaycan tərəfinin ciddi və sərt mövqeyi var. Azərbaycanın ərazisidir, ora heç bir müdaxilə ola bilməz. Onlar da Azərbaycan vətəndaşı kimi istənilən yardımla təmin ediləcəklər. Düzdür, orada sülhün yaranmasına mane olan qüvvələr var, məsələn, bu gün Paris şəhərinin meri Ann Hidalqo Zəngəzura gedib. Bu, faktiki olaraq Azərbaycan dövlətinə qarşı sabotajdır. Makron indi Ermənistanın tərəfində dayanıb, ona kömək edir. Amma bu tərəfdən cənab Prezidentə zəng edir ki, danışıqlar aparmaq lazımdır, yəni ikili mövqedədir. Hesab edirəm ki, nə qədər tez sülh müqaviləsi imzalanarsa, Ermənistan ağlını başına yığıb, oturub məsələləri həll edərsə, onlar üçün daha yaxşı olar. Yoxsa problemlər çox ciddi bir nəticəyə gətirib çıxara bilər", - deyə deputat yekunlaşdırdı.

Humay İSGƏNDƏRLİ