"Makronun özü yardım TIR-larını sürə-sürə Laçına gətirsə belə, Azərbaycana buraxılmayacaq"

 17:34 30.08.2023     438

Bildiyimiz kimi, ötən gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Danışıq zamanı regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib.

Ancaq eyni zamanda Fransa tərrəfindən Qarabağda yaşayan ermənilərə humanitar yük göndərilir. Makronun ikiliyi mövqeyi göz qarşısındadır.

Fransanın bu addımları ilə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a danışdı.

Həmsöhbətimiz bildirdi ki, Fransanın mövqeyi heç bir məntiqə uyğun deyil.

"Fransanın bu dərəcədə öz milli maraqlarına zidd olan hansısa addımları atması onu göstərir ki, Makron və siyasi elitanın bəzi üzvləri ciddi şəkildə erməni kapitalından, erməni diasporunun maliyyə imkanlarından asılıdır. Onların bu addımları atması heç bir nəticə verməyəcək, sadəcə olaraq bu pulları hansısa şəkildə xərclədiklərini, iş gördüklərini göstərməyə çalışırlar. Çünki bəllidir ki, Parisin meri, Makronun özü yardım TIR-larını sürə-sürə Laçına gətirsə belə, Azərbaycan qanunlara uyğun olaraq bu TIR-lar buraxılmayacaq. Azərbaycan göstərib ki, heç bir blokada onun tərəfindən həyata keçirilmir. Bu, sadəcə olaraq Ermənistanın işğalçı administrasiyasının qalıqlarıdır. Çünki bilirik ki, həm Arayik, həm digərləri maaşı Ermənistan büdcəsindən alır. Qarabağda olan insanları girov götürüb, faktiki olaraq məcbur edirlər ki, onlar bu etirazlara qoşulsunlar. Etirazın məqsədi kimisə acından öldürməkdir və bunun əsasında hansısa siyasi dividendlər qazanmaqdır. Təbii ki, etirazlara dəstək verənlər günü-gündən azalır. Çünki bu insanlar şüarları ortaya atanlara baxanda görürlər ki, ortada heç bir razılıq yoxdur, amma bu insanları etiraza çağırırlar ki, uşaqları acından ölsün. Bu siyasətin heç bir nəticə verməyəcəyini hamı başa düşür. Hesab edirəm ki, yaxın bir dövrdə bu işğalçı administrasiyaya qarşı orada qalan sağlam qüvvələr öz etirazını nümayiş etdirəcək və Azərbaycan bu qüvvələrə dəstək verəcək", - deyə Tofiq Zülfüqarov vurğuladı.

Humay İSGƏNDƏRLİ