Sabah diplomatik korpus Ağdam-Xankəndi yoluna gələcək - AzQAC sədri

 19:57 30.08.2023     304

“Gördüyümüz iş humanizm prinsiplərinə əsaslanan layihədir. Hər bir siyasi qərarın arxasında məhz bu prinsiplər durur”.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan Ağdamda bildirib.

O bildirib ki, bəşər tarixində humanitar diplomatiya alətləri həmişə istifadə olunub, həmçinin vətəndaş diplomatiyası da tətbiq olunur, icmalararası görüşlər baş tutur və bütün bunlardan sonra siyasi qərarlar verilir.

“Mən hesab edirəm ki, hansısa bir təkan olacaq. Anlaşılmazlıq ortadan qaldırılmalıdır. Biz bu addımları atırıq, indi çətin və həssas prosesdir. Bu bölgədə 30 ilə yaxın gərginlik davam edib, bizim torpaqlarımız işğal altında olub, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz olub. Biz kin saxlamırıq, amma bizim yaddaşımız yaxşıdır, biz heç bir zaman heç nəyi yaddan çıxartmayacağıq”.

Deputat avqustun 31-də diplomatik korpusun Ağdam-Xankəndi yoluna gələcəyini bildirib: “Onlar burda müşahidə aparacaq. Mən bilirəm ki, bu gün xarici nümayəndələr burda olublar. Onlar fərqi görürlər. Biz bu dünyada korlar və karlar arasında yaşayırıq, amma biz bütün bunları görməyən şəxslərin qurumların birliklərin gözlərini açmalıyıq. Təəssüf ki, bizim üçün bunu etmək çətindir. Bizi eşitməyən qurumların qulağın açmalıyıq, onlar bizi eşitməlidir. Bütün bu proses çətindir, biz bunun fərqindəyik, amma biz həm də bu istiqamətdə işləmək əzmindəyik. Mən inanıram ki, nəhayət biz onların gözlərini də, qulaqlarını da açacağıq. Onlar nəhayət reallıqlara düzgün qiymət verəcəklər. Hesab edirəm ki, ilkin olaraq bu addımlar vacibdir və daha sonra bu zəncirvarı proses olaraq davam edəcək. Müsbət qərarlar qəbul oluna bilər, biz buna çox inanırıq”.