Livandakı səfirliyimizə hücumun arxasında nə durur? - Deputatdan AÇIQLAMA

 12:12 31.08.2023     669

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Livandakı səfrilyimizə hücum olub.

Belə ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Maraqlıdır, bu addımın altında hansı qüvvələr yatır?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışdı.

O, söylədi ki, ermənilərin Azərbaycanın Livandakı səfirliyinə etdiyi hücumlar erməni xislətinin, eyni zamanda erməni terrorunun bir dəsti xəttidir:

"Məlumdur ki, səfirliyə edilən hücumda terror dəstələri, müxtəlif terror təşkilatları tərəfindən maliyyələşən qruplaşmalar mütləq şəkildə iştirak edirlər. Bu, birinci hal deyil. 44 günlük müharibədən sonra dəfələrlə bizim səfirliklərə ermənilər tərəfindən və yaxud onların havadarları tərəfindən edilən hücumlar, hətta törədilən terror aktları bir daha göstərir ki, ermənilər heç bir diplomatik münasibətlərə, eyni zamanda beynəlxalq qanunlara məhəl qoymur. Bunun da əsas səbəbi mütləq şəkildə onların cəzasızlığıdır. Əgər həmin dövlətlər onları ciddi şəkildə cəzalandırsalardılar, bu addımlar atılmazdı. Hər bir səfirliyin qorunmasına cavabdeh olan yerli xüsusi xidmət orqanları var, mühafizə xidmətləri var. Bunlar öz funksiyalarını ilk növbədə yüksək səviyyədə yerinə yetirməlidirlər. Digər məsələ, buna imkan yaradan qruplaşmalar və yaxud özlərini Ermənistan dövlətinin dostları adlandıran həmin o dövlətlər birmənalı şəkildə boş cəfəng bəyanatlarla yadda qaldı. Bu, həm Avropada baş verir, həm digər ərazilərdə baş verir. Bunun qarşısı birmənalı şəkildə alınmalıdır. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi nota ilə çıxış edəcəkdir, onların cəzalandırılması ilə bağlı müvafiq addımların atılmasını tələb edəcəkdir. Dəyən ziyanla bağlı Azərbaycan hüquq mühafizə orqanları tərəfindən müvafiq cinayət maddələri ilə cinayət işi qaldırılacaqdır".

Arzu Nağıyevin fikrincə, bunlar bir daha göstərir ki, ermənilər sülh müqaviləsinin imzalanmasını istəmir, onların havadarları bu sülh müqaviləsinin imzalanmasını istəmirlər və daimi konfliktin olmasını istəyirlər.

"Bunlardan yararlanmaq isə əsas məramları, məqsədləridir.  Buna baxmayaraq, Azərbaycan dövləti öz daxili və xarici siyasətini, bütün beynəlxalq qanunlara uyğun olaraq öz suverenliyini, dövlət müstəqilliyini, ərazi bütövlüyünü mütləq şəkildə bütün qanunlara uyğun olaraq qorumalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ermənilərin qondarma müraciətinin necə nəticələndiyinin şahidi olduq. Bir daha gördük ki, hətta dünya ictimaiyyəti ermənilərin cəfəngiyyatla dolu bəyanatlarına inanmırlar və Azərbaycanın haqq yolunu, hüquqi yolunu mütləq şəkildə qeyd edirlər. Buna görə də həmin o terror aktı və səfirliklərə olan hücumlar araşdırılmalıdır. İlk növbədə həmin ölkələrin hüquq-mühafizə orqanları ciddi araşdırmalıdır, bunların arxasında duran qüvvələr Azərbaycana bildirilməlidir. Əks halda, təbii ki, bu, dövlətlər arasında münasibətin zəifləməsinə, diplomatik münasibətlərin gərginləşməsinə gətirib çıxa bilər", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ