"Arayik sadəcə, oyundan kənarlaşdırıldı" - Deputat

 15:35 31.08.2023     322

"Arayik Arutyunyan istefa verməyib. Onun postu da soyqırımları kimi uydurma olduğundan tutduğu "vəzifə"dən getməsi istefa sayılmır. Arayik sadəcə, oyundan kənarlaşdırıldı. Bu, bir təfədən İrəvanda mer seçkisinə təsirsiz ötüşməyəcək, digər tərəfdən yəqin, Kreml Türkiyə ilə ABŞ arasında son zamanlar baş verən yaxınlaşmanı görüb 4 sentyabr Ərdoğan-Putin danışıqları öncəsi əlindəki kartları gücləndirmək istəyir".

Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev bildirib.

"Xatırladım ki, Arutyunyan Moskvanın cızdığı çevrədən qırağa çıxmasa da, Ermənistanın baş nazirinə az-çox bağlı biri idi. Belə görünür ki, müəyyən bir vaxt çərçivəsində Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi hissəsində proseslər tam Moskvanın diqtəsi altında gedəcək. Yəni açıq oyun başlanır.

Arutyunyanı əvəzləyəcək piyadanın ilkin açıqlamaları hər halda bu dəyişiklikdə əsas məqsədin nə olduğunu üzə çıxaracaq. Fəhmim mənə deyir ki, həmən açıqlamalarda Paşinyandan narazılığa tez-tez rast gələcəyik", - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Arayik Arutyunyan qanunsuz rejimin "prezidenti" vəzifəsindən istefa verdiyini bəyan edib.

Turan İSMAYIL