"Ermənistanın saldığı hay-küyün səbəbi tamam başqadır" - Cavanşir Paşazadə

 15:22 04.09.2023     909

Artıq yeddi gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində 40 ton un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir. 

"Ac" olduqlarını, humanitar yardıma "ehtiyacı" olduqlarını iddia edən ermənilər Azərbaycanın göndərdiyi humanitar yükü qəbul etmir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Redaktor.az-a danışdı.

Deputat dedi ki, artıq bir neçə gündür humanitar yük Ağdam-Xankəndi yolunda qalır:

"Ermənistanda böyük bir ajiotaj yaratmışdılar ki, guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin humanitar yardıma ehtiyacı var. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də erməniəsilli şəxslərin yeyinti məhsullarına olan ehtiyaclarına görə humanitar yük göndərdi. Bir neçə gündür ki, yolun açılması və məhsulun qəbul edilməsi gözlənilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin heç bir təklifi ilə razılaşmır və onu qəbul etmirlər. Bundan görünür ki, doğrudan da Ermənistanın apardığı siyasət və saldığı hay-küyün səbəbi tamam başqadır. Bundan qabaq da Xarici İşlər Nazirliyi və digər hakimiyyət nümayəndələri tərəfindən bir daha təklif olunmuşdu ki, sərhəddə qalan o yüklərin Xankəndiyə getməsi üçün şərait yaradırıq, başqa yol təklif edirik, əgər burada məqsəd doğrudan da şəffafdırsa, buna dəstək olmağa hazır olduqlarını bildirmişdilər. Ermənistan tərəfi də buna heç bir cavab vermədi. Görünür ki, doğrudan da Ermənistan və Ermənistana havadar olan dövlətlər bu şəraiti yaradırlar. Əgər içərisində yük olduğu deyilən, Laçın yolunda qalan maşınlara baxış keçirilsə, görünər ki, onlar boşdu, içində yük-filan yoxdur. Sadəcə siyasət üçün orada saxlanılıb. Bu siyasəti bütün dünyaya bildirmək istəyirlər ki, Azərbaycan guya Qarabağdakı ermənilərə humanitar yük aparılmasına şərait yaratmır. Halbuki, bir neçə həftədir ki, təkliflərimizi edirik, amma bu məsələdən qaçırlar. Xaricdəki erməni diasporlarının, Ermənistanın siyasətinin apardığı yol onu göstərir ki, məğlubiyyətlə razılaşmırlar. Bu da bir daha sübutdur ki, onlar Ermənistanda və regionda sabitliyin olmasına şərait yaratmır. Hələ ki, humanitar yüklə bağlı məsələ bu formada davam edəcək".

Humay İSGƏNDƏRLİ