İƏT nümayəndə heyəti Gəncədə raket hücumuna məruz qalan ərazidə faktaraşdırıcı missiya həyata keçirdi

 11:38 04.09.2023     255

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.

Redaktor.az report-a istinadla xəbər verir ki, nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib.

Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə" Ziyarətgah Kompleksində yerində monitorinq aparıblar.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

2222