"Türkiyəsiz bölgədə heç bir məsələ həll olunmur" - Vahid Əhmədov

 14:51 04.09.2023     824

Bildiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının başçısı Arayik Arutyunyan "istefa" verib. Onun yerinə isə Samvel Şahramanyanın "gətiriləcəyi" gözlənilir.

Eyni zamanda bir neçə gün öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir.

"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - deyə Hikmət Hacıyev bildirib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışdı.

Millət vəkili söylədi ki, həmin ərazilərə müdaxiləmiz yoxdur, onlar da bundan istifadə edirlər:

"Biri istefa verir, müəyyən fikir ayrılıqları və s. olur. Paşinyan belə bir fikir söyləyib ki, bir vaxtda ayılacağıq ki, Rusiya bölgədə yoxdur. Başa düşürlər ki, bunlar müvəqqəti variantlardır. Arayiki çıxardıb yerinə qeyri Arayiki qoysalar da, bunun heç bir xeyri yoxdur. Hesab edirəm ki, sülh danışıqları normal başa çatacaq və sülh müqaviləsi imzalanacaq. Müəyyən qüvvələr var ki, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin qurulmasını istəmirlər. Amma Azərbaycan dövlət başçısının apardığı siyasət ondan ibarətdir ki, məsələ sülh yolu ilə həll olunsun. Hətta icmalar arasında müəyyən görüşlər keçirirlər və s. Yəni Ermənistan nə qədər tez başa düşsə ki, bu məsələ həll olunur, onun üçün bir o qədər də yaxşı olar. Problem odur ki, Ermənistanı özbaşına qərar qəbul etməyə qoymurlar. Bir tərəfdən Fransa, bir tərəfdən İran, bir tərəfdən də Rusiya çox böyük təzyiqlər göstərirlər. Rusiya da başa düşür ki, bu sülh müqaviləsi imzalanandan sonra sülhməramlılar çıxacaq, Rusiya birdəfəlik bölgədən çıxmalı olacaq. Amma faktiki olaraq bölgədə bir Türkiyə də var, Türkiyəsiz bölgədə heç bir məsələ həll olunmur. Arayikin yerinə kiminsə təyin olunması qeyri-qanunidir və bu təyinatları biz qəbul etmirik. Faktiki olaraq hamısı cinayətkardır. Vaxt gələcək, elə Arayikin özünü də həbs edəcəklər. Bunlar müvəqqəti variantlardan istifadə edirlər. Əsas odur ki, dövlət başçısı cənab İlham Əliyevin mövqeyi bu sahədə çox sərtdir. Prezident istəyir ki, sülh yolu ilə hər şey həll olunsun, əgər olunmasa, başqa vasitələrdən istifadə ediləcək, necə ki, 44 günlük müharibədə istifadə olundu. Biz onu istəmirik, məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Bəzi dövlətlər sülh müqaviləsinin bağlanılmasını istəmirlər. Amma dövlət başçımızın apardığı siyasət onu göstərir ki, bu məsələ öz müsbət həllini tapacaq".

Humay İSGƏNDƏRLİ