"Əgər təxribat törədəcəklərsə, mütləq cavablarını alacaqlar" - Ziyafət Əsgərov

 17:41 05.09.2023     631

Məlum olduğu kimi, artıq 8 gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində 40 ton un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Buna səbəb ermənilərin hələ də humanitar yardımı qəbul etməmələridir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, bu humanitar yardımın Azərbaycan tərəfindən Qarabağda yaşayan ermənilərə göndərilməsi bir daha Azərbaycanın humanist bir dövlət olduğunu göstərdi:

"Yəni Azərbaycan göstərdi ki, onun ərazisində yaşayan insanların yanındadır. Humanitar yardımı qəbul etməmələrinə baxmayaraq bundan sonra da onların ehtiyacı öyrənilib hansısa yardım etməyə hazırıq. Bunu bütün dünya görür, diplomatlar baş çəkdilər, xarici jurnalistlər getdilər həmin əraziyə. Burdan nə nəticə çıxarmaq olar? Əgər bunlar bu yardımı qəbul etmirlərsə, onda niyə dünyaya hay çəkirlər ki, humanitar ərzaq çatışmazlığı var? Mən hesab edirəm ki, orada ərzaq çatışmazlığı yoxdur. Çünki əvvəla deyim ki, onlar orada kənd təsərrüfatı ilə məşğul olublar. Laçın yolu ilə qanunsuz silah-sursat, terrorçular keçirəndə onlar kifayət qədər ərzaq da toplayırlar. Çünki onların ərzağa ehtiyacı olsaydı, bunu qəbul edərdilər. Amma indi di gəl ki, bütün dünyaya "ərzaq böhranı" ilə bağlı manipulyasiya edirlər. Orada heç bir ərzaq böhranı yoxdur, sadəcə manipulyasiya edirlər və dünya ictimaiyyətinin diqqətini bura cəmləmək istəyirlər. Hətta bunlar dini faktordan da istifadə edirlər ki, xristianlara qarşı belə mövqe tuturlar".

Millət vəkili qeyd etdi ki, Azərbaycan həmişə sülh əlini uzadıb.

"Müharibədə qalib gəlmiş dövlətik, buna baxmayaraq, birinci dəfə sülh əllini biz uzatdıq. Həmişə olduğu kimi, indi onlar danışıqların aparılmasında, yeni sülh müqaviləsinin imzalanmasında, delimitasiya və demarkasiya məsələlərinin edilməsində maraqlı deyillər. Əksinə, sərhəd rayonlarındakı ərazilərimizi atəşə tuturlar. Qarabağın özündə qanunsuz "silahlı birləşmələr" təxribat törədirlər. Bizdə olan məlumata görə, həmin o Xankəndidə və onun ətrafında 10 minə qədər qanunsuz "silahlı" fəaliyyət göstərir. Sual ortaya çıxır, onlar nə ilə yaşayırlar, orda hansı ərzaqla qidalanırlar? Bu ərzaq məsələsindən sadəcə manipulyasiya edib, dünyanı Azərbaycanın əleyhinə qaldırmaq istəyirlər. Amma şükürlər olsun, dünya da gördü ki, bunlar doğrudan da hansı xislətə malikdirlər. Burda məsələ ərzaq məsələsi deyil. Bunları həm Ermənistandan, həm Fransadan, həm  də digər yerlərdən qızışdıranlar var ki, siz bu məsələni qaldırın, Azərbaycana təzyiqlər edin. Bu halların heç bir nəticəsi yoxdur. Azərbaycan üçün təxribatların, manipulyasiyaların heç bir mənfi cəhəti ola bilməz. Əgər təxribat törədəcəklərsə, mütləq cavablarını alacaqlar. Azərbaycanın işi haqq işidir və biz haqq işimizdə, haqq yolumuzda da irəlilələyəcyik", - deyə Ziyafət Əsgərov vurğuladı.

Humay İSGƏNDƏRLİ