İlham Əliyev Blinkenlə danışığında Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu - Deputat

 13:52 07.09.2023     351

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Prezident vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.

İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. 

Göründüyü kimi, dövlət başçımız ABŞ rəsmisi ilə söhbətində ölkəmizin prinsipial mövqeyini ortaya qoyub.

Bu telefon danışığı ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a danışdı.

Deputatın sözlərinə görə Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, regionda kommunikasiyalar açılmalıdır və Qarabağda yaşamaq istəyən erməni əsilli insanlar Azərbaycan cəmiyyətinə inteqrasiya olmalıdır:

"Bu, Azərbaycanın prinsipial mövqeyi kimi ortaya qoyulduğu üçün heç bir ölkə və yaxud heç bir siyasi lider Azərbaycana təzyiq göstərə bilməz. Çünki Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi buna yol verməz. Elə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Blinkenin Azərbaycan Prezidenti ilə danışıqları zamanı Azərbaycan Prezidenti bir daha bu qətiyyətli, amma eyni zamanda, həm də beynəlxalq hüquqa uyğun olan mövqeyindən geri çəkilmədi. Bu, bir müstəqil dövlətin müstəqil davranışı kimi qiymətləndirilməlidir. Həm də Azərbaycan dövlətinin dövlət maraqlarını və milli maraqlarının qətiyyətlə qorunması kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan 44 gün ərzində Vətən müharibəsi apararaq öz torpaqlarını ona görə işğaldan azad etməyib ki, yenidən hadisələri 1988-ci illərə qaytara bilsinlər və yenidən Azərbaycana qarşı kimsə bir müddət sonra ərazi iddiasından çıxış etsin. Azərbaycan ona görə şəhidlər verib ərazi bütövlüyünü bərpa etməyib ki, kimsə yenidən Azərbaycanda yaşamaqla özünə əlahiddə status təmin etsin. Bu mümkün olan şey deyil. Müzəffər Ali Baş komandanımız 44 günlük müharibədən sonra üçtərəfli bəyanatda da bunların hamısını öhdəçilik olaraq kapitulyasiyaya imza atmış Ermənistanın üzərinə qoyur. Yəni Ermənistanın öhdəçiliyi var ki, Azərbaycan ərazisindən terrorçuları çıxartmalıdır, kommunikasiyalar açılmalıdır. O cümlədən Zəngəzur dəhlizi açılmalıdır və Azərbaycanda yaşayan ermənilərin silahlı qismi silahsızlaşdırılmalı və zərərsizləşdirilməlidir. Azərbaycan vətəndaşı olmaq istəyənlər isə Azərbaycan cəmiyyətinə inteqrasiya ediməlidir. Azərbaycan prezidentinin Blinken ilə danışığı zamanı ortaya qoyduğu mövqe də bundan ibarət idi. Düşünürəm ki, bu mövqeyin alternativi yoxdur. Ona görə də bu, bir daha Azərbaycanın dövlət maraqlarının, ümumxalq maraqlarımızın qətiyyətlə qorunması və milli məqsədlərimiz üçün növbəti addımların atılması üçün yaxşı bir zəmindir".

Humay İSGƏNDƏRLİ