"Azərbaycan-Türkiyə-İsrail üçlüyünün əməkdaşlıq etməyə tam əsası var" - Fikrət Sadıxov

 18:39 07.09.2023     494

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib. Səfər zamanı İsrail rəsmiləri ilə mühüm müzakirələr aparılıb.

İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibə verən Hikmət Hacıyev bildirib ki, Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir.

"Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir. Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər",- deyə prezidentin köməkçisi bildirib. 

Politoloq, diplomat Fikrət Sadıxov təklif olunan üçtərəfli əməkdaşlıq formatı haqqında Redaktor.az-a danışdı.

O, söylədi ki, belə bir format qeyri-formal şəkildə fəaliyyətdə idi:

"Yəni bizim Türkiyə ilə münasibətlərimiz qardaş münasibətləridir. Biz İsraillə də münasibətlərimizi inkişaf etdiririk və axır illər onu göstərdi ki, bu münasibətlər möhkəm, dayanıqlı münasibətlərlə əlaqələrdir. Düşünürəm ki, belə bir şəkildə bu üçlüyün əməkdaşlıq etməyə tam əsası var. Ola bilsin ki, Türkiyə ilə İsrail arasında müəyyən ixtilaflar var. Amma strateji hədəfləri eynidir. Hər halda, hər iki dövlət, həm Türkiyə, həm İsrail və xüsusilə axır illər ərzində İsrailin Azərbaycana münasibəti olduqca müsbətdir. Bu müsbət münasibət ondan ibarət olur ki, həm ticarət dövriyyəsi inkişaf edir, həm hərbi-texniki əməkdaşlıq, həm də bizim mövqeyimiz beynəlxalq meydançalarda İsrail tərəfindən dəstəklənir. Bu bizi tam qane edən bir məqamdır və eyni zamanda biz də İsraili dəstəkləyirik, onu strateji partnyor hesab edirik və bu məsələdə bizim mövqeyimiz üst üstə düşür. Ona görə də belə bir alyansın yaranması ilk növbədə bizim strateji məqsədlərimizə və maraqlarımıza uyğun cavab verir. Eyni zamanda, heç kəsə təhlükə yaratmır".

Humay İSGƏNDƏRLİ