"Qərbdəkilər də Ermənistanın forpostluğuna son qoymaq istəmirlər" - Sahib Alıyev

 18:18 07.09.2023     277

"Son günlər medaida və sosial şəbəkənin Azərbaycan seqmentində Rusiya ilə Ermənistan arasında kəskinləşən ziddiyyətlərə geniş yer ayrıldığını və bununla bağlı bir sıra nikbin proqnozların verildiyini görürəm. Rusiya ilə Ermənistan arasında artan ziddiyyətlərə əlbəttə, diqqət yetirmək lazımdır, amma təəssüf ki, bu, nə onların özlərinin, nə də Azərbaycana yanaşmalarının dəyişməsindən qaynaqlanır. Düzdür, Paşinyan indi "Qarabağ Azərbaycandır",- deyir. Amma orasını da gizlətmir ki, əgər Pskov desantçıları ötən əsrin 90-cı illərində olduğu kimi 44 günlük savaş zamanı da gəlib hayların yerinə döyüşsə idi, o, başqa mahnı oxuyacaqdı".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmləri isə bildirirlər ki, Paşinyanın Azərbaycanla bağlı son açıqlamları onların əl-qolunu bağlayıb.

"Yoxsa bizim öz topraqlarımız üzərində suverenliyimizi təmin etməmizin qarşısını alardılar. Bu nəyi göstərir? Onu göstərir ki, Rusiya ilə Ermənistanın arasındakı ziddiyyətlərin kökündə onlardan hər hansı birinin Azərbaycanın torpaq bütünlüyünə və suverenliyinə yanaşmasının yox, reallığın dəyişməsi durur. Ermənistanı Rusiyadan narazıı salan da məhz Moskvanın həmən reallığın dəyişməsinin qarşısını ala bilməməsidir.

Ən açınacaqlısı odur ki, Ermənistanda Rusiya əlyehinə səsləndirilən fikirlər və atılan addımlarda məqsəd forpostluqdan qurtarmaq deyil və bu, heç ağıllarının ucundan da keçmir.

Hayları ayağa qaldırıb Rusiyanı Qafqazdan çıxarmağa çalışan qərbdəkilər də Ermənistanın forpostluğuna son qoymaq istəmirlər. Onlar sadəcə Rusiyanı əvəz etməyin peşindədirlər.

Qərbdəkilər, ilk növbədə də səfirlərini Şuşaya göndərməyənlər Ermənistanın forpostluğuna son qoyub subyektliyini artırmaq fikrində olsaydılar, onda hayları Azərbaycanla qarşıdurmaya həvəsləndirməzdilər", - deyə S.Alıyev qeyd edib.

Turan İSMAYIL