"Onlara elə gəlir ki, hansısa bir sehrli qüvvə Azərbaycan torpaqlarını alıb Ermənistana verəcək"

 16:49 08.09.2023     408

"Ermənistan cəmiyyəti hələ Vətən müharibəsinin nəticələrilə barışa bilmir. Baxmayaraq ki, o, özgə ölkənin torpaqlarından qovulub, onun işğalçılıq siyasətinə ağır zərbə vurulub, amma onlar hələ də digər xalqların torpaqlarına iddiadan əl çəkə bilmir. Onlara elə gəlir ki, hansısa bir sehrli qüvvə nə vaxtsa Ermənistana dəstək verərək, ilk növbədə Azərbaycan torpaqlarını alıb Ermənistana verəcək. Amma yanılamaları var, indi artıq XX əsrin axırları deyil ki, zəif Azərbaycan xaricdən böyük dəstək alan Ermənistanın təcavüzünə məruz qalsın".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə son günlər Qarabağ ətrafında cərəyan edən prosesləri və erməni təxribatlarını şərh edərkən dedi.

Onun sözlərinə görə, güclü dövlətimiz, siyasətimiz Ermənistanı öz yerində oturda bilir və bundan sonra da oturdacaq.

"Ancaq Ermənistanın düşüncəsi hələ də dəyişmir. Hələ də yeni reallığı qəbul etmək iqtidarında deyil. Ona görə də vaxtaşırı Azərbaycana qarşı həm hərbi, həm də siyasi təxribatlar baş verir, olmayan hərbi gücünü Azərbaycana göstərməyə çalışır. Baxmayaraq ki, 44 günlük müharibədən sonra Ermənistanın hərbi potensialı həddən artıq böyük bir zərbə alıb. Yenisini yaratmaq üçün bunun nə maddi-maliyyə resursları, nə də ki, buna kömək etmək istəyən ölkələr var. Digər tərəfdən Azərbaycanın hərbi potensialına Ermənistanın çatmaq imkanı qətiyyən ola bilməz. Bütün parametrlər üzrə Ermənistan Azərbaycana uduzur. Bununla belə, onun vaxtaşırı etdiyi təxribatlar Azərbaycanı narahat etməyə, Azərbaycanı öz süveren hüquqlarının bir hissəsindən əl çəkməyə, separatçılığa göz yummağa məcbur etməkdən ibarətdir. Bunlar isə baş verməyəcək və göründüyü kimi baş vermir. Ona görə də Azərbaycan Ermənistanın təxribatının qarşısını almaq üçün beynəlxalq hüququn və suveren ixtiyarından irəli gələn bütün imkanlarla həmin təxribatın qarşısını alır və alacaq", - deyə A.Mirzəzadə vurğuladı.

Həmidə İBRAHİMLİ