"Azərbaycan ordusu faktiki hazır vəziyyətdədir" - Vahid Əhmədov: "İkinci "dəmir yumruğ"a ehtiyacları var"

 18:03 08.09.2023     1123

"Qarabağ ətrafında hadisələr çox ciddiləşir. Yəni ermənilər heç nəyə baxmayaraq, öz xislətlərindən və çirkin əməllərindən əl çəkmirlər. Bəzi öz havadarlarının köməyi ilə sərhəd yaxınlığında səngər qazmaq istəyirlər, silah-sursat daşımağa başlayıblar və s. Amma buna baxmayaraq, Azərbaycanın da öz ordusu hazır vəziyyətdədir. Belə hesab edirəm ki, ermənilər Qarabağ ətrafında daha çox qarşıdurma yaranmasına çalışırlar".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov son günlər Qarabağ ətrafında cərəyan edən prosesləri və erməni təxribatlarını şərh edərkən dedi.

Onun sözlərinə görə, ermənilər, görünür, müharibəyə çox həvəslidirlər:

"İkinci "dəmir yumruğ"a ehtiyacları var. Amma nə olursa olsun, mən hesab edirəm ki, ümumiyyətlə, müharibə də aparsalar, bu müharibədə ermənilər nəinki uduzacaq, bu onların axırıncı məhvinə gətirib çıxaracaq. Gedən proseslər onu göstərir. Amma əlbəttə, havadaları var. Fikir verirsizsə, hətta mən baxıram, Avropada, Amerikada Senatda Qarabağ məsələsini müzakirəyə çıxartmaq istəyirlər. Bundan qabaq BMT-də müzakirə olundu. Yəni məsələ bir qədər ciddiləşib. Bizim də, əlbəttə, dövlət başçısı cənab İlham Əliyev bu məsələdə çox sərtdir, iradəsini ortaya qoyub və bu məsələni axıra qədər sülh yolu ilə həll etmək istəyir. Amma ermənilər sülh istəmirlər, onlar elə başa düşürlər ki, yenə də hansı yolla vaxtı uzatmaqla nələrsə əldə edə bilərlər. Bu, mümkün olan məsələ deyil. Hətta bu yaxınlarda belə bir məlumat getdi ki, Makron Bakıya gəlmək istəyir və sonra dedilər ki, bu, yalandır. İndi mən elə başa düşürəm ki, cənab prezidentin, ümumiyyətlə, bu məsələdə mövqeyi tamamilə qətidir və Azərbaycan ordusu faktiki hazır vəziyyətdədir. Anti-terror əməliyyatına başlamaq üçün mən belə başa düşürəm ki, şans var. Yəni anti-terror əməliyyatı keçirib birdəfəlik bu torpaqları azad etmək lazımdır. Sərhədləri bərpa etmək və sülh müqaviləsinə məcbur etmək lazımdır ki, ermənilər sülh müqaviləsinə getsinlər. İndi baxın, son vaxtlar Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti ilə görüşdü. Qarabağ məsələsi də yüz faiz orda müzakirə olundu. İndi G20-lərin iclası Hindistanda keçiriləcək və Ərdoğan ora gedir. Orada da yəqin bu məsələlər müzakirə olunacaq. O cümlədən, Co Bayden ilə də görüşü nəzərdə tutulur və s".

Vahid Əhmədov onu da qeyd etdi ki, beynəlxalq aləmdə bu məsələ çox diqqət mərkəzindədir:

"Ermənilər çalışır ki, humanitar böhran yaratsınlar. Hansı ki, heç bir humanitar böhran yoxdur. Azərbaycan Laçın yolunu bağlayıb, tamamilə düzgün eləyib. Orada öz postunu qurub, amma Ağdam-Xankəndi yolu açıqdır, humanitar yardım göndərilib. Amma qəbul olunmur. İndi yəqin ki, bu da öz həllini tapacaq. Qəşəng yol çəkilib. Bütün şəraitləri olan, logistika cəhətdən də çox əhəmiyyətli və normal yoldur. Amma bu yoldan onlar istifadə etmək istəmirlər. Hay-küy yaradırlar ki, ordakı ermənilər acdırlar, amma hamısı yalan söhbətdir. Səs-küy qaldırıb özlərini pis vəziyyətə qoyurlar. Mən oxudum ki, soyqırım deyirlər. Nə soyqırım? Bunlar hamısı boş-boş söhbətlərdir. Ona görə də mən hesab edirəm, məsələ onsuz da sona çatmalıdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməlidir və sərhədlərini qorumalıdır. Orda da indi kim qalacaq ermənilərdən? Bizim vətəndaşlığımızı, bizim bayrağımızı, himnimizi, milli valyutamızı qəbul edəcəklərsə, qalıb yaşaya bilərlər, amma kim onu istəməyəcək, artıq özü seçməlidir. Yəni məsələ hesab edirəm ki, müsbətə doğru gedəcək. Nə olsa da, arada münaqişə olsa da, Azərbaycan burada qalib dövlət kimi çıxacaq. Necə ki, 44 günlük müharibədə qalib dövlət kimi çıxdıq", - deyə millət vəkili bildirdi.

Həmidə İBRAHİMLİ