"Hər an anti-terror əməliyyatları ola bilər" - Deputat

 13:58 09.09.2023     480

"Çox təəssüflər olsun ki, Ermənistan sülh danışıqlarına sadiqlik nümayiş etdirmir. Ermənistan tərəfindən biz müxtəlif səpkidə təxribatları müşahidə etməkdəyik. İlk növbədə Xankəndidə olan separatçıların Azərbaycan tərəfindən göndərilmiş humanitar yardımı qəbul etməməsi və Ağdam-Xankəndi yolunun açılmasına maneçilik törətmələri, daha sonra isə Ermənistanın sürətli şəkildə silahlanmaya meylli siyasət yeritmələri və Hindistandan göndərilmiş hərbi yüklərin İran vasitəsilə Ermənistana çatdırılması artıq Azərbaycan və Türkiyə mediasında dəfələrlə faktlarla nümayiş etdirilib. Bununla yanaşı, bəlkə də bizlərə bəlli olmayan xüsusi xidmət orqanları tərəfindən aşkarlanmış çoxlu sayda faktlar da var ki, bu səbəbdən ekspertlər Ermənistanın sürətli şəkildə silahlandığını və yeni toqquşmaya, müharibəyə hazırlaşmağının siqnallarını verməsi, istər-istəməz Ermənistanın təxribata meyilli olması faktını bir daha təsdiqləyir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev son günlər baş verən erməni təxribatlarını şərh edərkən dedi.

Onun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi tərəfindən Rusiya əleyhinə açıqlamalar verməsi və sentyabr ayının 11-dən başlayaraq  Amerika Birləşmiş Ştatları ilə birlikdə hərbi təlimlər keçirmək niyyətində olması da regionda gərginliyi daha da artırır:

"Rusiya tərəfindən verilmiş açıqlamalar onu deməyə imkan verir ki, Rusiya Paşinyan hökumətini bu etdiyi addımlara görə bağışlamayacaq və Rusiyanın cavabı məncə heç də gecikməyəcəkdir. İstənilən halda, şərti Azərbaycan-Ermənistan sərhədinə Ermənistan tərəfindən hərbi texnikaların cəmləşdirilməsi, Ermənistanda ehtiyatda olan hərbçilər üçün yenidən ordu sıralarına çağırılma və hərbi təlim məqsədi ilə hazırlıqların aparılması hər an gərginliyin artmasına işarədir. Bütün bunlarla yanaşı, Ermənistanın birbaşa dəstəyi ilə Xankəndidəki separatçıların qondarma vəzifələrindən istefa verərək yenilərinin bu vəzifəyə təyin edilməsi də sülh danışıqlarında vaxt uzatmağa hədəflənmiş bir addım kimi dəyərləndirilir. Nə zamana qədər ki, Xankəndidəki erməni əsilli əhali separatçılar tərəfindən əsarətdə saxlanılacaqdır, biz sülh danışıqlarında irəliləyişin olmayacağını anlamışıq və faktiki olaraq bütün formatlarda öz tərəfimizdən olan şərtləri açıq-aydın bəyan etmişik. Ancaq təəssüflər olsun ki, Ermənistan hələ də səmimi görsənmir, sülh danışıqlarına kölgə salır və bu prosesi yubadır. Bu baxımdan da əgər Ermənistan tərəfindən növbəti təxribat törədiləcəksə, növbəti dəfə Azərbaycan ərazilərində PUA-ların uçuşunu təmin edəcəksə, atəşkəsi pozacaqsa, separatçıların silahlanmasına yardımlarını artıracaqsa, bu, anti-terror əməliyyatlarının baş tutmasını sürətləndirə bilər. Azərbaycan məcburiyyət qarşısında yenidən güc tətbiq etmək yolunu seçəcəkdir".

Deputat onu da qeyd etdi ki, anti-terror əməliyyatlarının olub-olmaması birbaşa olaraq Ermənistanın və separatçıların davranışları ilə bağlıdır.

"Eyni zamanda biz ümid edirik ki, Ermənistanın havadarları Ermənistanı silahlandırmaqdan əl çəkəcəklər. Çünki Ermənistanın silahlanması və Ermənistanı yenidən Azərbaycanla münaqişəyə hazırlamaq faktiki olaraq Ermənistanın əleyhinədir, region üçün yenidən təhlükə mənbəyinə çevrilir. Bu da nəticə etibarilə əldə olunma ehtimalı olan uzunmüddətli, dayanıqlı sülhə ən böyük zərbədir və Ermənistanın silahlanması nəticə etibarı ilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına böyük zərbə endirəcəkdir. Danışıqlar masasında Ermənistan fantastik, real olmayan şərtlərdən dəm vura bilər. Bu da nəticə etibarilə sülhü mümkün etməyəcəkdir və sülh olmayacağı təqdirdə də hər an anti-terror əməliyyatları ola bilər. Hər an Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün və regionda Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin edə bilmək üçün anti-terror əməliyyatlarına əl ata bilər. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycan təbii ki, anti-terror əməliyyatları zamanı əli silah tutan və azərbaycanlılara təhdid yarada biləcək qüvvələrə, şəxslərə qarşı bu anti-terror əməliyyatını həyata keçirəcəkdir. Dinc əhali ilə Azərbaycan Silahlı Qüvvələrinin heç bir zaman işi olmayıb və Ermənistandan fərqli olaraq heç bir zaman da bunu etməyəcəkdir. Ancaq istənilən halda hələ də ümid var. Hələ də bizdə inam var ki, sülh yolu ilə bu problem öz həllini tapa biləcəkdir. Biz ümid edir ki, Ermənistanın havadarları da sülh yolunu seçəcəklər. Ermənistana da təzyiq edərək, onların da Azərbaycanın beş baza prinsipinə əsaslanan şərtlərini həyata keçirərək sülh anlaşmasını imzalayacağına vadar edə biləcəklər", - deyə Naqif Həmzəyev bildirdi.

Həmidə İBRAHİMLİ