"Qərb dairələri Qarabağın ermənilər yaşayan hissəsinin Bakının nəzarətindən kənarda qalmasına çalışırlar"
Məlum olduğu kimi, artıq 3 gündür ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ bölgəsindəki erməni əhaliyə göndərdiyi ərzaq dolu yük avtomobili Bərdədə gözləyir. Ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı kimi, Rusiyanın yardımını da qəbul etmirlər.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, bütün bu baş verənlər aydın göstərir ki, ermənilərin məqsədi elə separatçılıqdan ibarətdir.
Onun sözlərinə görə, orada humanitar böhranla bağlı sadəcə olaraq manipulyasiyalar mövcuddur:
"Əgər həqiqətən də, ermənilərin ərzağa ehtiyacları olsaydı, onlar humanitar böhran içərisində olmuş olsaydılar, Azərbaycanın da təklif etdiyi və eyni zamanda, Rusiya tərəfinin də təşəbbüsünü qəbul edərdilər. Bu, iki məqamdan da bəllidir. Birincisi, ermənilər Azərbaycan ərazisində separatizmi davam etdirmək niyyətindədirlər. Onların təsəvvürləri ondan ibarətdir ki, Azərbaycan ərazisindən ərzaq Xankəndiyə çatdırılacaqsa bu, Xankəndi üzərində Bakının təsirini və nəzarətini təmin edəcək. Mahiyyət etibarı ilə Azərbaycan bütün əraziləri boyunca tam suverenliyə sahib olmalıdır. Bu, Azərbaycanın təbii hüququdur. Ermənilərin elə əsas məqsədləri ondan ibarətdir ki, onlar heç bir halda, rəsmi Bakının Xankəndiyə təsir imkanları və yaxud da ki, o ərazilərdə suverenliyinin təmin olunmasını istəmirlər. Deməli, həm də inteqrasiyanı istəmirlər. Bizim təklifimizi qəbul etmirlər. Biz axı demişdik və onu hər zaman da səsləndiririk ki, onlar Azərbaycan vətəndaşları statusunda, tam təhlükəsizlik şəraitində Azərbaycan ərazilərində öz mövcudluqlarını davam etdirə bilərlər. Deməli, onlar fərqli formada öz mövcudluqlarını davam etdirmək istəyirlər. Yəni separatçılar kimi öz mövcudluqlarını davam etdirmək istəyirlər. Bu da qəbuledilməzdir. Məsələnin ikinci tərəfi nədən ibarətdir? Kənardan yenə də təlimatlar daxil olmaqdadır. Bildiyimiz kimi, separatçılar kənardan gələn təlimatlar əsasında davranmaqdadırlar. Blinken başda olmaqla, digər Avropa rəsmiləri Laçın yolunun açılmasında israr edirlər. Onlar da Azərbaycan ərazisində ermənilərin fərqli bir statusda, Azərbaycanın qəbul etməyəcəyi bir statusda mövcudluğunun tərəfdarıdırlar. Bunu təəssüflə qeyd etmək lazımdır. Blinken də hər zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefonla əlaqə saxlayan zaman biz görürük ki, elə əsas işarəni Laçın yolunun açılmasına göstərir".
Deputatın fikrincə, bu da o anlama gəlir ki, Qərb dairələri Qarabağın ermənilər yaşayan hissəsinin Bakının nəzarətindən kənarda qalmasına çalışırlar:
"Bu da bir reallıqdır. Əslində, xatırlayırsınızsa, Madrid prinsiplərində də elə o cür göstərilirdi ki, Azərbaycan ərazisindəki ermənilərin qeyri-müəyyən status məsələsinin müəyyənləşdirilməsi qeyri-müəyyən vaxtda saxlanılırdı. Bu zaman Laçın yolu da Xankəndi ilə Ermənistan arasında kommunikasiya vasitəsi kimi saxlanılmalıdır. Mahiyyət etibarilə görünən odur ki, Qərb dairələri prosesləri yenə o Madrid prinsipləri məcrasına yönəltməyə çalışırlar. Bu da artıq geosiyasi ambisiyaların əlamətləridir. Qərb çalışır ki, proseslər əsasən vaxtilə onun müəyyənləşdirdiyi prinsiplərə uyğun cərəyan etsin, yəni müvafiq olaraq da regiona öz təsir imkanlarını saxlasınlar. Cənubi Qafqaz regionu olduqca strateji əhəmiyyətli bir regiondur. Bu regionda münaqişə, gərginlik olacaqsa, deməli, regiona müdaxilə imkanları da qalacaqdır. Ona görə də Qərb dairələri çalışırlar ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində, prosesində açıq məsələlər qalsın və onlar gələcəkdə bunun üzərindən regiona müdaxilə imkanlarını əllərində saxlamış olsunlar. Bax, mahiyyət ondan ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan ərazisindəki separatçı ermənilər müstəqil davranmırlar. Ermənistanın özü də bir alət rolunda çıxış etməkdədir. Baxmayaraq ki, olduqca acınacaqlı, ağır, məğlub vəziyyətdədir. Amma yenə də biz görürük ki, Azərbaycana qarşı müxtəlif xarakterli təxribatlarını davam etdirməkdədir. Yəni sağlam düşüncəli xalq və yaxud da ki, dövlət heç bir halda belə davranmazdı. Deməli, onlar birincisi xəstə təfəkkürlərini heç bir halda sağlamlaşdıra bilmirlər, ikincisi isə müstəqil davranmaq imkanlarına malik deyillər", - deyə Elşad Mirbəşiroğlu vurğuladı.
Həmidə İBRAHİMLİ