"Paşinyanın hərəkətləri siyasi dəllallıqdır" - Politoloq

 18:14 11.09.2023     491

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə göndərdiyi ərzaq yardımının separatçılar tərəfindən qəbul edilməməsi böyük müzakirələrə səbəb olub. Bir çoxları hesab edir ki, separatçılara bu göstərişi Ermənistanın Baş naziri Nikol Paşinyan verib və onun bu addımı Moskvanın qəzəbinə səbəb olacaq.

Rusiya bu hadisədən sonra Ermənistanı cəzalandıra bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Rusiya belə bir addım ata bilməz.

"Heç cür. Uşaq vaxtı məktəbdə bir şeir oxuyurduq. “Əlini mənə bəsdərəcik. Yox, yox mən səndən küsdərəcik. Əlini mənə bəsdərəcik. Yox, yox mən səndən küsdərəcik. Küsdərəcik, Küsdərəcik, üstünə bir daş endirəcik". İndi bunlar bütün dünyaya car çəkirlər ki, acdılar, acından ölürlər. Əlbəttə yalan deyirlər. Qarabağ kənd təsərrüfatı rayonudur. Pomidor, xiyar, badımcan, bibər, qoyun, quzu, keçi, inək var. Belə şeyləri özləri istehsal edirlər. Yəni bunlar deyirlər ki, biz acıq. Biz onlara 40 ton un veririk, istəmirlər. Bir maşın ərzaq gətiriblər, deyirlər istəmirik. Demək bunlar ac deyillər ki, istəmirlər. Ac insan istəyir. Odur ki, bu, onların siyasi məğlubiyyətidir. İndi onların Qarabağda qalmalarının yeganə zəmanəti rus sülhməramlılarıdır. Paşinyan Rusiya ilə münasibəti get-gedə korlayır. Paşinyanın məqsədi bəllidir. Qərb onu qəbul eləsin deyə, Qərbdən hələ zəmanət almamış, Rusiya ilə münasibəti korlayır. Qarabağda ermənilər durub gələndən sonra bütün dünyaya car çəkəcək ki, Azərbaycan genosid törədir, soyqırım elədi, onları qovdu və s. Yəni bu hamısı siyasi dəllallıqdır. Arif adamlar bunun mahiyyətini bilir. Heç kəs buna fikir vermir",- deyə politoloq qeyd etdi.

Həmidə İBRAHİMLİ