"Azərbaycan yenə 30 il gözləməyəcək" - Ekspert

 20:57 11.09.2023     419

"Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır və bunun birbaşa olaraq da səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Çünki Ermənistanın müqavilədən boyun qaçırmasının bir neçə səbəbi var. Təbii ki, onlar 30 ildir qurduğu istehkamların hamısını biz məhv edərək 44 günlük müharibədə qələbə qazandıq. Biz uğur qazandıq və Ermənistan dünya səviyyəsində artıq məğlub olmuş bir ölkə olaraq qələmə verildi və zatən də elə oldu".

Bu sözləri Emənistanın hələ də sülh müqaviləsindən boyun qaçırması ilə bağlı Redaktor.az-a danışan Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Xəyal Salahov dedi.

Onun sözlərinə görə, Azərbaycan qalib ölkə kimi öz üstünlüyünü ortaya qoydu və hazırda onun tələb etdiyi sülh müqaviləsindəki maddələrin heç biri haqsız maddələr deyil və hamısı beynəlxalq hüquqa uyğundur:

"Sadəcə, burada bir məsələ var ki, bu qədər təxribatlar törədərək sözdə "Biz sülh müqaviləsini imzalamağa hazırıq", deyib yenə də Xankəndidə, Xocalıda və digər bölgələrdə təxribatlar törətmək, orada hələ də erməni terrorçularının qalması, sözün əməldə göstərilmədiyini bizə göstərir. Amma mənim zənnimcə, Azərbaycan artıq yenə 30 il gözləməyəcək və lazımi formada cavabını verəcək. Təbii ki, biz istəyərdik hər şey masa arxasında, diplomatik yolla, siyasi yolla həll olsun. Amma bu gedişatı Ermənistan gecikdirir. Azərbaycan hər hansısa bir anti-terror əməliyyatı ilə və yaxud təmizləmə əməliyyatı ilə yenidən "dəmir yumruğ"unu göstərib bu terrorçuları oradan təmizləyə bilər və bu da beynəlxalq formada Azərbaycanın öz haqqıdır. Biz də yenə də öz sülh mövqeyimizi göstərdik, danışıqlar yolu ilə "Gəlin sülhü imzalayaq" dedik. Amma Ermənistan rəhbərliyi bunu qəbul eləmədi, qəbul etmədikdən sonra da, cənab prezidentin dediyi kimi, lazım olsa, biz yenidən bir əməliyyat keçirərək bu məsələni əbədiyyətə qovuşdurmağa qərarlıyıq".

Həmidə İBRAHİMLİ