ABŞ və Ermənistanın təlimləri Azərbaycan üçün təhlükə yaratmır - Dövlət Departamenti

 23:33 11.09.2023     586

Ermənistan və ABŞ-ın “Qartal Tərəfdaşı 2023” birgə hərbi təlimləri Azərbaycan üçün təhlükə yaratmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Xeyr, heç də yox. Hazırlığı qorumaq üçün tərəfdaşlarımızla mütəmadi olaraq məşq edirik və qarşılıqlı əlaqədə oluruq və biz silahlı qüvvələrimiz arasında qarşılıqlı əlaqəni daim təkmilləşdiririk", - Miller bu manevrlərin Azərbaycan üçün potensial təhlükə olub-olmaması ilə bağlı suala cavabında deyib: "Bunlar adi təlimlərdir, hər hansı digər hadisələrlə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının "Qartal Tərəfdaşı 2023" birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna münasibətində deyib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir. O əlavə edib ki, Rusiya təhlükəsizlik qarantı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir, Moskva da həm İrəvan, həm də Bakı ilə ardıcıl və konstruktiv işi davam etdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeni Dehlidə keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında TASS-ın sualını cavablandırarkən bildirib ki, Rusiya Ermənistan rəhbərliyinin ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir.

Miller həmçinin xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken ötən həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıb və Qarabağa humanitar yüklərin çatdırılması üçün Laçın dəhlizinin dərhal açılmasına və Ağdam-Xankəndi yolunun açılmasına çağırıb, çünki Vaşinqton regionda humanitar vəziyyətin pisləşməsindən ciddi şəkildə narahatdır.

Dövlət Departamentinin sözçüsü deyib: “Birləşmiş Ştatlar Ermənistanı və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini güclü şəkildə dəstəkləməyə davam edəcək”.

O, həmçinin xatırladıb ki, ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və buna görə də regionda keçirilən prezident seçkilərini tanımır.

Xatırladaq ki, ötən şənbə Qarabağdakı separatçıların qondarma parlamenti yeni "prezident" seçib. Yeganə namizəd Samvel Şahramanyan olub. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Turan İSMAYIL