Qarabağda anti-terror əməliyyatı keçirilə bilərmi? - Polkovnik AÇIQLADI

 10:15 12.09.2023     724

"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib.

Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır:

"Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur  və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn  hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq".

Humay İSGƏNDƏRLİ