"Ağdam-Xankəndi yolu ilə ilk maşının keçməsi, Azərbaycan dövlətinin iradəsini göstərir"

 13:07 12.09.2023     519

Xəbər verdiyimiz kimi, bu gün Ağdam-Xankəndi yolu açıldı və Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndiyə çatdırıldı.

Bəs, bundan sonra proses necə olacaq? Buna paralel şəkildə Laçın yolunun açılması da mümkün olacaqmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Qasımlı Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, Azərbaycanın əvvəldən də bildirdiyi ""blokada", "humanitar fəlakət" gerçəkliyi əks etdirmır" fikri doğru idi.

"Bu, siyasi şoudan, siyasiləşdirilmiş məsələdən başqa bir şey deyil. Ağdam-Xankəndi yolu ilə ilk maşının keçməsi Azərbaycan dövlətinin iradəsini göstərir. Bununla paralel olaraq terrorçuların, işğalçı ordunun tör-töküntülərini tələbə, xəstə adı ilə Laçın sərhəd-keçid məntəqəsindən getmələri dövlətimizin aydın siyasətinin olduğunu göstərir. Azərbaycanın dövlət sərhədlərindən içəri daxil olan hər bir maşın gömrük prosedurlarına uyğun olaraq yoxlanılır və buraxılır. Əgər bu prosedurlar pozulursa, həmin yüklər heç bir zaman Azərbaycan ərazisinə buraxılmaz. Azərbaycana müharibə lazım deyil. Bir ölkənin ərazisində ikinci hakimiyyət ola bilməz. Qondarma rejimlərin qurulması qətiyyən yolverilməzdir. Buna görə də indiyə qədər olduğu kimi, bundan sonra da bütün fəaliyyətlər Azərbaycan dövlətinin suveren hüquqları çərçivəsində həyata keçiriləcək", - deyə Musa Qasımlı bildirdi.

Humay İSGƏNDƏRLİ