"Ağdam-Xankəndi yolu ruslar üçün açılıb, bizim üçün bağlıdır" - Deputat: "Laçın yolu bağlı qalmalıdır"

 14:45 12.09.2023     642

Bildiyimiz kimibu gün Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndiyə çatdırıldı.

Bəs, bundan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı da həmin yolla Xankəndiyə aparıla biləcəkmi? Bununla paralel olaraq Laçın yolunun açılması mümkündürmü?

Hazırda baş verən proseslərlə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu ruslar üçün açılıb, bizim üçün bağlıdır.

"O yola separatçılar nəzarət etmir ki. O yola nəzarət edən, ərazimizdə olan rus hərbi kontingentidir. Həmin yol onların nəzarətindədir, istədikləri vaxt gedirlər, gəlirlər. Rusiyadan gələn yük maşınının da bir neçə gün Bərdədə durmağı rusların növbəti bir oyunu idi. Guya ki, Beynəlxalq "Erməni" Qırmızı Xaç Komitəsi icazə vermir, guya separatçılar razı deyil. Bunlar hamısı növbəti bir oyunudur. O yol və bu gün Azərbaycanın istifadə edə bilmədiyi, girə bilmədiyi bütün yollar, bütün ərazilər Rusiya hərbi kontingentinin nəzarətindədir. Onlar sərbəst nə vaxt istəsələr gedirlər, nə vaxt istəsələr gəlirlər. Yol o vaxt açıq hesab olunacaq ki, ərazimizdəki separatçı qurum və bütün separatçılar, ilk növbədə Ermənistan dövlətinə məxsus işğalçı hərbi birləşmələr tamamilə ərazidən təmizlənsin, çıxardılsın, gedən getsin, getməyən məhv edilsin. Ondan sonra yol açıq hesab olacaq. Əgər yol açılıbsa, bizim göndərdiyimiz yük 15 gün orda durub, niyə onlar keçib getmirlər? Yəni yol bizim yox, ruslar üçün açılıb. Mən bir şeyin əleyhinə həm fikrimi də bildirirəm. Rusiyanın bu fitnəkar maşınının keçməsi ilə əgər, Ermənistan, Rusiya, Amerika və digər ölkələr tələb qoysa ki, bu yük keçdi, indi Laçın yolu açılsın, bu, tamamilə yolverilməzdir. Laçın keçid- buraxılış məntəqəsi Ermənistanın və Ermənistan tərəfdən gələn bütün yüklərin üzünə bağlı qalmalıdır. O vaxta qədər ki, ərazimiz separatçılardan, işğalçılardan təmizlənəcəkdir və dövlət sərhədi müəyyən olunacaq. Bundan sonra baxarıq, o yolda get-gəl hansı qayda-qanunla olacaq. Ancaq indi bu oyunbazlıqla, rusun bir dənə maşının ermənilərə zəhər aparması nəticəsində Laçın yolundan ermənilərin maşınların gəlib keçməsini tamamilə əleyhinəyəm və bu yolverilməzdir", - deyə Elman Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ