"Şahramanyan bu qərarından sonra artıq o kresloda əyləşə bilməyəcək" - Zahid Orucdan ilginc AÇIQLAMA

 18:42 12.09.2023     726

"Heç şübhəsiz ki, dünən gecə saat dörddə bu əməliyyatın həyata keçirilməsi öz-özlüyündə onu sübut edir ki, Azərbaycan dövləti, onun müvafiq təhlükəsizlik strukturları bir an belə prosesi nəzarətdən kənar qoymurlar və gecə gündüz çalışırlar".

Bu sözləri Ağdam-Xankəndinin yolunun açılması, Rusiyanın yük maşının o yoldan keçməsi və gələcək proseslər haqqında Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söylədi.

Deputat dedi ki, bu prosesə hərbi əməliyyatlarımızın, 44 günlük müharibənin davamı kimi baxmalıyıq:

"Çünki burada atılan hər bir addım suverenlik hadisəsidir, müstəqilliyimizin qorunmasıdır və qələbəmizin davam etdirilməsi üçün bizi strateji hədəfə yaxınlaşdıracaq hadisədir. Heç şübhəsiz ki, məsələnin Azərbaycan-Rusiya rəhbərliyinin yüksək anlaşmadan irəli gələrək gerçəkləşdiyini də açıq söyləmək lazımdır. Çünki üçüncü, dördüncü dövlətin belə addım atdığını biz görmədik. Məsələn, rəsmi Vaşinqton bir qərar verib, iki maşın müxtəlif yükləri Ağdam yolu ilə göndərmək addımını atardımı? Yaxud, son dövrlər siyasətində kardinal dəyişiklik etmiş Almaniya Federativ Respublikası edərdimi? Yalnız Rusiya bu yöndə addım atdı. Hətta İranın özündən belə Ağdam yolu ilə ora nəsə çatdırmaq niyyəti özünü göstərmədi. Çox ümidvarıq ki, həmin Rusiya yükünün ardınca bizə qardaş ölkələr - Özbəkistan, Qazaxıstan, o cümlədən Türkiyə tərəfindən oxşar addımlar atılsın. Bu öz özlüyündə daha çox sosial deyil, bizim əleyhimizə humanitar məsələdən, siyasi geopolitik məsələlər üçün istifadə edənlərin maraqlarına zərbə dəymiş olacaq. Yəni bu maşının ardınca digər addımlar atılmış olsun. Ancaq dünən həyata keçirilən bu tədbirin dediyimiz kimi, Azərbaycanın Laçın yoluna alternativini, öz mövqeyini diktə etdirmək, onu açmaq yönündə nail olduğu ən mühüm uğurlu nəticələrdən biri sayılmalıdır. Məğlub olanları göz önümüzə gətirdikcə görəcəyik ki, nəticə gerçəkdən də çox əhəmiyyətlidir. Burada bir çoxları deyirdilər ki, Rusiyanın yükü aylarla orada qalsın və ünvanına çatmasın və bununla da Rusiyanın Xankəndidə nüfuzu tam sıfırlansın. Əbəttə ki, ilk baxışda kimsə deyir ki, "bu, çox yaxşı nəticədir, olsun da, bu ki, Azərbaycanın ziyanına deyil". Bu, məsələnin yalnız bir tərəfi kimi görünür. Bu konfrantasiyalı günlərdə Paşinyan bir daha 86,6 min kvadrat kilometr deyərkən Azərbaycanın torpaqlarını tanımışam sözünü bir daha dilə gətirdi. Amma "beynəlxalq təhlükəsizlik modeli, qüvvələri gəlsin o əraziyə ki, Rusiya qüvvələri özlərinin missiyasını yerinə yetirmir" söyləyirdi. Onun  bütün çıxışlarında da təəssüf olsun ki, bu ikili məqam hələ də qalır. Belə olan təqdirdə, heç şübhəsiz ki, Azərbaycan və Rusiya arasında yüksək anlaşma, üçüncü dövlətləri və bu humanitar mövzuda pərdə arxasında gizlənənləri narahat etdi".

Millət vəkili bildirdi ki, səhəri oyanarkən Amerikanın əsas qərarvericiləri bundan çox da xoşlanmadılar.

"Əminəm ki, o saatlarda Fransada da Makron və digərləri yəqin ki, oyaq deyildilər. Onlar bu nəticənin istəmirlər və bunun ardınca Azərbaycan dövləti, onun rəsmilərinin dilindən bəyan olundu ki, bu qəti bir şəkildə Laçın-Xankəndi yolu ilə məlum irəli sürdüyümüz şərtləri əvəzləmir. Yəni onun alternativi kimi deyil, biri açılsın, o biri də açılsın məsələsi. O mənada ki, dünən Samvel Şahramanyan təzəcə hələ "andiçmədən" sonra özü gecə saatlarında bu məhdud saylı və öyrədilmiş, xalqı əslində təmsil etməyən və göründüyü kimi ac olmayan, "ölümü yaşayan" adamların yanına gəlib və deyib ki, başqa alternativ yoxdur, Rusiyanın rəhbər şəxsləri Azərbaycan dövlətinə bütün bu məsələləri irəli sürüblər və mümkün olan addım bundan ibarətdir. Şahramanyan bu qərarından sonra artıq o kresloda əyləşə bilməyəcək. Arutyunyanın əleyhinə gedirdilər ki, açmaq olmaz yolu, indi isə özləri buna razılıq verirlər. Bu, öz-özlüyündə Samvel Babayanın - yerli hakimiyyəti ələ götürməyə çalışan şəxsin sanki versiyasının, mövqeyinin, irəli sürdüyü düsturun gerçəkləşməsi kimi bir nəticə doğurdu. Yəni o bəyan edir ki, hətta, Əsgəranda kiçik bir bazar da yaratmaq olar, azərbaycanlılarla birlikdə düşmənçilikdən çıxmaq üçün ilkin ticarət də gerçəkləşə bilər, ondan sonra müxtəlif mağazalar açıla bilər, bankomatlar qoyula bilər, sonra digər təsərrüfat əlaqələri qurular, elektrik enerjisinin, qazın Azərbaycan tərəfindən verilməsi reallaşar və s. Hansı ki, Samvel Babayan özü 90-cı illər savaşlarında Azərbaycana qarşı müxtəlif cinayətlər etmiş şəxsdir. Amma onun təfəkküründə belə bu kardinal transformasiya baş veribdir. Ona görə də mən hesab edirəm ki, heç şübhəsiz, Azərbaycan tərəfi irəliyə sürmüşdü ki, Ağdam yolunun açılması qaçılmazdır və olmayacaqsa, Laçın yolunun açılması da gerçəkləşməyəcək. Bu, artıq növbəti bir tədbirdir ki, 4-5 aya yaxındır ki, bütün qlobal dünyanın ayrı-ayrı təşkilatları üzərimizə qaldırmağına rəğmən Azərbaycan dövləti öz qətiyyətini göstərdi. İradəsini göstərdi ki, o beş kilometrlik və Ermənistanla Qarabağı birləşdirən və az qala sizin səlahiyyətinizdə qalan ərazi sizə verilmiş bir ərazi deyil. Çünki dünyada dəhlizlər, yollar uğrunda savaş var. Ona görə də bizim burada mövqeyimiz əminəm ki, təsirli oldu və buna qarşı özünü məğlub hiss edən qüvvələr müxtəlif təxribatlar törədəcəklər. Bu, eyni zamanda Rusiya-Ermənistan münasibətlərinin tarixdə ən aşağı dövrünə təsadüf edir. Amma Azərbaycan dövləti hazırkı reallıqda Paşinyanın devrilməsi kimi bir plan üzərində işləmir. Çünki bu indiki halda daha dağıdıcı qüvvələrin mövqelərinin uğur qazanması demək olar. Bu isə bizim indiki mənafelərimizə uyğun deyil", - deyə Zahid Oruc vurğuladı.

Humay İSGƏNDƏRLİ