“Erməni separatizmi vətənimizin köksündəki yaradır və biz bu yaradan qurtulmalıyıq”

 11:08 13.09.2023     450

“Bir Türkiyə Fransa, Hindistan, İran kimi yüz dövlətdən daha üstündür”

Vahid Əhmədov: “Rusiya heç vaxt Qarabağ probleminin ədalətli həllində maraqlı olmayıb və bu gün də maraqlı deyil”

“Zəngəzur dəhlizinin taleyi Prezident İlham Əliyev tərəfindən çoxdan həll edilib”

“Ermənistan uzunmüddətli müharibə üçün gərəkli iqtisadi gücə malik deyil”

Redaktor.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov ölkəmizdə və regionda baş verən son hadisələrlə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

-Vahid müəllim, son vaxtlar Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət yenidən gərginləşib ki, bu da müharibə ehtimalının aktuallaşmasına səbəb olub. Sizcə indiki dönəmdə yeni və uzunmüddətli müharibə ehtimalı nə dərəcədə realdır?

-Ermənistanın təmas xəttində çoxlu sayda hərbi texnika və canlı qüvvə toplaması faktı onu göstərir ki, rəsmi İrəvan yeni təxribatlara hazırlaşır və bu təxribatların miqyası geniş ola bilər. Lakin bu da məlumdur ki, Azərbaycan hər zaman təxribatlara sərt və layiqli cavab verib və mümkün təxribatlara cavabı da eyni cür olacaq.

Uzunmüddətli müharibəyə gəlincə, bu ehtimalda reallıq payı yoxdur. Çünki 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ermənistanın sadəcə ordu potensialına zərbə vurmadı. Həm də onun onsuz da zəif olan iqtisadi potensialını da məhv etdi. Bu gün Ermənistan siyasi müstəqilliyini qismən də olsa saxlasa da, iqtisadi müstəqillikdən tamamilə məhrumdur. Iqtisadi baxımdan başda Rusiya və İran olmaqla, digər ölkələrdən asılı vəziyyətdə olan Ermənistanda iqtisadi-sosial böhran sürətlə dərinləşməkdədir. Müharibə isə ilk növbədə güclü və dayanıqlı iqtisadiyyat, böyük maliyyə vəsaitləri tələb edir. Ermənistan isə bu təməl ehtiyacdan məhrumdur. Ona görə də onun uzunmüddətli müharibə aparmaq potensialı sıfıra bərabərdir.

-3 il bundan öncə darmadağın edilən Ermənistanın yenidən təxribata cəhd etməsi, yeni qarşıdurmalarda maraqlı görünməsi nə ilə izah oluna bilər?

-Ermənistanın təxribat cəhdləri əssən iki amillə əlaqədardır. Bunlardan biri ölkə daixlindəki ağır sosial-iqtsiadi vəziyyətdən diqqəti yayındırmaq, nəzərləri tamam başqa müstəviyə yönəltmək istəyidir. Paşinyan rejimi, eləcə də İrəvandakı revanşist qüvvələr yaxşı başa düşür ki, əgər yeni bir qarşıdurma olarsa, o zaman bütün daxili problemlər arxa plana keçəcək, iqtisadi-sosial sahədiki istənilən problem müharibə amili ilə izah ediləcək. Yəni hakimiyyət müvəqqəti olsa da ölkənin düşdüyü ağır daxili vəziyyətə görə məsuliyyət hissindən azad olacaq.

İkinci amil isə qısamüddətli, fəqət irimiqyaslı təxribatlar fonunda  Azərbaycana qarşı beynəlxalq miqyaslı qarayaxma kampaniyası təşkil etmək, ölkəmizin nüfuzuna zərbə vurmaq, onun “işğalçı dövlət” obrazını formalaşdırmaqdır. İrəvan yaxşı anlayır ki, Azərbaycanla açıq müharibə etmək gücünə malik deyil və Vətən müharibəsində öz himayədarlarının dəstəyi ilə belə ölkəmizə qarşı mübarizədə uğur qazana bilmədi. İndiki halda isə bu ehtimal yox dərəcəsindədir. Ona görə də İrəvan heç deyilsə, təxribatlar fonunda hansısa siyasi-diplomatik uğura nail olmağa cəhd edir. Bu məsələdə ona Fransa, İran, Hindistan kimi dövlətlər də dəstək verir ki, bu da İrəvanın təxribatlara olan marağını daha da artırır. Lakin İrəvan unudur ki, bu təxribataların cəzasını ilk növbətə Ermənistan çəkəcək və bu gün onu təxribata sürükləyən qüvvələr həmin vaxt prosesləri kənardan izləyəcək, ən yaxşı halda müəyyən bəyantlar verməklə işlərini bitmiş hesab edəcəklər.

-Sizcə Qarabağdakı separatçıların təxribatlarına cavab olaraq dövlətimizin daha sərt və qəti addımlar atmasına ehtiyac varmı?

-Təbii ki, Azərbaycan əbədiyyətə qədər baş verənləri sadəcə seyr edə bilməz. Doğrudur, ordumuz hər bir təxribata layiqincə cavab verir və bundan sonra da verəcək. Amma vətənimizn köksündə yer alan bu yaranı birdəfəlik kəsib atmaq, bu yaradan birdəfəlik qurtulmaq lazımdır. Bu zərurəti dövlət də, vətəndaş da aydın dərk edir. İstər Konstitusiyamız, istərsə də beynəlxalq hüquq bizə bu imkanı tanıyır.

Azərbaycan hər bir dövlət kimi onun suverenliyinə təhdid təşkil edən hər bir təhlükənin aradan qaldırmaq hüquna malikdir. Bu hüquqdan nə vaxt istifadə edəcəyimizə isə yenə də biz özümüz qərar verəcəyik. Əgər dövlətimizin başçısı, Ali Baş Komandanımız hesab etsə ki, elə bu gün separatçılara qarşı yeni anti-terror əməliyyatı keçirməyə ehtiyac var, bu gün də Azərbaycan Silahlı Qüvvələri bu missiyanı uğurla həyata keçirəcək.

-Bəzi dövlətlərin Ermənistan göstərdiyi hərbi-siyasi dəstəyə diqqət çəkdiniz. Bilmək istərdik ki, Ermənistanın moderatorluğu ilə formalaşan anti-Azərbaycan cəbhəsinin mövcudluğu fonunda Türkiyə faktoru bizim üçün nə dərəcədə önəmlidir?

-Türkiyə faktoru Azərbayan üçün hər zaman mühüm və prinsipial əhəmiyyətə malikdir. Türkiyə amili ilk növbədə mənəvi baxımdan bizim üçün önəmlidir. Çünki Azərbaycan da Türkiyə kimi vahid türk ağacının bir budağıdır və bizi bir-birimizlə minillik qardaşlıq əlaqələri bağlayır. “Bir millət iki dövlət” şüarı bu doğmalığın ən barlaq inikasıdır.

Türkiyə tarixin bütün çətin dönəmlərində Azərbaycan xalqının yanında olub, onun apardığı mübarizəyə dəstək verib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində də biz bir daha bu gerçəyin şahid olduq. Müharibənin ilk günündən son gününə qədər Türkiyə açıq və birmənalı şəkildə ölkəmizə mənəvi-diplomatik dəstək verdi. Azərbaycanın yanında olduğunu, onun haqq işini dəstəklədiyini bildirdi. Bütün dünya şahid oldu ki, Azərbaycan tək deyil və onun güclü Türkiyə kimi qardaşı, əzəli-əbədi müttəfiqi var.

Türkiyənin ölkəmizə dəstəyi ermənipərəst güclər üçün də çəkindirici amil rolunu oynadı. Türkiyə faktoru üçüncü qüvvələrin müharibəyə müdaxilə etməsinin qarşısını aldı. Bu isə Azərbaycana imkan verdi ki, öz torpaqlarını daha qısa müddətə erməni işğalından azad etsin.

Təmas xəttində vəziyyətin gərginləşdiyi, Fransa, Hindistan və digər dövlətlərin ermənipərəst siyasət yürütdüyü indiki dövrdə Türkiyə faktoru yenə də olduqca önəmlidir. Türkiyə bu gün də regionda, eləcə də dünyamızda sülhün və təhlükəsizliyin əsas təminatçılarındandır. Lakin Türkiyənin ən mühüm önəmi onun Azərbaycanla münasibətlərinin dərinliyi və səmimiyyətidir. Bu gün İrəvana dəstək verən ölkələrlə Ermənistan arasında heç bir mənəvi bağ mövcud deyil. Onlar sadəcə olaraq Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Başqa sözlə desək, onlar Ermənistana dost, müttəfiq kimi deyil, məqsədə gedən yolda vasitə kimi baxırlar. Elə buna görə də elə ilk çətin məqamda onu atıb qaçmağa hazırdırlar. Vətən müharibəsi bunu bir daha göstərdi. Ona görə də bir dənə Türkiyə kimi müttəfiq Fransa, Hindistan, İran kimi 100 dövlətdən daha önəmlidir.

Onu da xatırladım ki, 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycanla Türkiyə arasında çoxşaxəli müttəfiqliklə bağlı müqavilə imzalandı, birgə bəyanat verildi. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə arasıdnakı tarixi müttəfiqlik əlaqələri ən yüksək zirvədə qərarlaşdı.

Azərbaycan və Türkiyə prezidentlərinin səyi ilə bütün türk dünyasında siyasi, mədəni və mənəvi birlik meyilləri son dərəcə güclənib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın səyi ilə bütün türk dünyasını özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yarandı ki, bu təşkilat uğurla inkişaf etməkdə, genişlənməkdədir. Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin uğurudur.

-Vahid müəllim, Zəngəzur dəhlizinin nə zaman açılacağı da son bir ilin ən çox müzakirə edilən məsələlərindəndir. Sizcə  Zəngəzur dəhlizinin bu il açılması mümkündürmü?

-Mən Zəngəzur dəhlizinin açılacağına inanıram və istisna etmirəm ki, bu böyük hadisəyə məhz bu ilin sonuna kimi şahid olacağıq. Bununla bağlı ilk, qəti və aydın mesajı Prezident İlham Əliyev verib. Dövlət başçısı hələ aylar öncə bildirmişdi ki, Ermənistanın istəyib-istəməməsindən  asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin taleyi həll edilib. Söhbət sadəcə bu dəhlizin hansı tarixdə açılacağından gedə bilər.

Zəngəzur dəhlizinin bu il açılacağına ümid edirəm. Çünki bu məsələdə Azərbaycanla yanaşı, qardaş Türkiyə dövləti də maraqlıdır və Prezident Rəcəb Tayyib Ərdoğan da öz açıqlamalarında bu dəhlizin açılmasının önəminə toxunub. Ərdoğan “Böyük İyirmilik” (G20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında da Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdi, Ermənistanın ünvanına sərt tənqidlər səsləndirdi. Separatçıların Qarabağdakı qondarma “prezident seçkiləri”ni də tənqid edən Ərdoğan, Türkiyənin bu kimi təxribatçı addımları əsla qəbul etməyəcəyini vurğuladı. Türkiyənin dövlət başçısı bugünə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olduqlarını, ölkəmizi dəstəkləməkdə davam edəcəklərini qeyd etdi. Bu isə o deməkdir ki, Ermənistanın Zəngəzur dəhlizi məsələsində inadkarlıq göstərməsi mənasızdır və Azərbaycan bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də hökmən öz istəyinə çatacaq.

Vətən müharibəsi və ondan sonrakı siyasi proseslər göstərir ki, Prezident İlham Əliyev Azərbaycan xalqını yeni qələbələrə doğru böyük inam və qətiyyətlə aparmaqdadır. Onun xarici siyasətdə əldə etdiyi saysız qələbələr, dövlətimizin maraqlarını beynəlxalq müstəvidə uğurla müdafiə etməsi, ölkəmizi dünyada söz sahibi olan azsaylı dövlətlərdən birinə çevirməsi Azərbaycanın dövlət başçısının siyasi səriştəsindən xəbər verir.

-Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında vaxiylə aparılan Qarabağ danışıqları ilə bağlı şok bir detal açıqlayıb. Putin qeyd edib ki, danışıqlar zamanı İrəvana Azərbaycanın iki rayonunun - Kəlbəcər və Laçının, bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalmasını təklif etsələr də, Paşinyan hakimiyyəti bununla razılaşmayıb, daha çoxuna iddia edib. Rusiyanın Azərbaycan torpaqlarını Ermənistana peşkəş etmək cəhdini necə dəyərləndirirsiniz?

-Təbii ki, Rusiyanın Azərbaycan ərazisi ilə bağlı bu cür təklif səsləndirməsi, bizim torpaqlarımızdan Ermənistana pay təklif etməsi həm siyasi, həm də əxlaqi baxımdan yolverilməzdir. Bu açıqlama bir daha onu göstərir ki, Rusiya heç vaxt Qarabağ probleminin ədalətli həllində maraqlı olmayıb. Əksinə, hər zaman bu gərginlik ocağının qorunub saxlanılmasına maraq göstərib və bu gün də bölgədəki gərginliyin qəti həllində maraqlı deyil.

Bundan başqa, Putinin açıqlamasında az qala təəssüflə vurğuladığı bir məqam var. Bu da Ermənistanın Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıması ilə bağlıdır. Putin bu reallığı aşağıdakı sözlərlə dilə gətirir: “Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

Putinin açıqlamasıdnan belə çıxır ki, Ermənistan əsas səhvi məhz bu yerdə edib. Yəni Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımasaydı, o zaman Azərbaycanla siyasi-diplomatik müstəvidə mübarizə şansı əhəmiyyətli dərəcədə yüksək olardı. Başqa sözlə desək, Putin mətnaltı şəkildə Ermənistanı qınayır ki, nə üçün Qarabağ üzərində Azərbaycanın suverenbliyini tanıdın və özünü çətin vəziyyətə saldın?

Şübhəsiz, Rusiyanın Ermənistanla danışıqlarda ona nə vəd etməsindən asılı olmayaraq, Azərbaycan hər zaman öz dövlət maraqlarına həssaslıqla yanaşıb və ölkəmizin Vətən müharibəsi nəticəsində işğaldakı torpaqlarımızı azad etməsi, erməni faşizminə bir qarış da olsa torpaq güzəştə getməməsi faktı bunu göstərir. Bununla yanaşı, Putinin açıqlamaları göstərir ki, Rusiya Azərbaycan üçün etibarlı tərəfdaş deyil və ona güvənmək olmaz.

-Vahid müəllim, sonda Ermənistanla-ABŞ arasında keçirilən birgə hərbi təlimlərlə bağlı fikirlərinizi bilmək istərdik. Szcə bu təlimlər tərəflər arasında ciddi və fundamental hərbi əməkdaşlıq üçün zəmin yarada bilərmi?

-ABŞ-Ermənistan birgə təlimləri qısamüddətlidir və Ermənistanın beynəlxalq platformalarda sülhyaratma missiyalarında iştirakına xidmət edir. ABŞ bu cür təlimləri sadəcə Ermənistanla deyil, onlarla müxtəlif ölkələrlə də keçirir. Bu baxımdan düşünümürəm ki, bu təlimlər ABŞ-la Ermənistan arasında ciddi və irimqiyaslı təlimlər üçün əsas olsun. Xatırladım ki, bu təlimlərin sıradan olması ABŞ-ın öz hərbi-siyasi ekspertləri tərəfindən də etiraf olunmaqdadır.

Əslində, bunun üçün Ermənistanda heç bir potensial yoxdur. Ermənistanın nə hərbi texnikası, nə kadr ehtiyatı, nə də sahib olduğu siyasi-iqtisadi model bu cür əməkdaşlıq üçün yetərli deyil. Sadəcə, hazırda Ermənistan-Rusiya münasibətlərində ciddi gərginlilər olduğu üçün İrəvan bu təlimlərlə bir az da Kremli qıcıqlandırmağa cəhd edir. Ancaq bir daha qeyd edirəm ki, Ermənistan nəinki ABŞ-la, dünyanın heç bir sivil, qabaqcıl dövləti ilə hərbi əməlkdaşlıq üçün gərəkli potensiala malik deyil və bu yöndə verdiyi bütün açıqlamalar sadəcə cəfəngiyyatdır.

Unutmaq olmaz ki, ABŞ-la Azərbaycan arasında normal müansibətlər mövcuddur. ABŞ Dövlət Departamentinin Qarabağdakı qondarma "seçkiləri" tanımaması, bununla bağlı aydın və birmənalı mövqe ortaya qoyması da Ağ Evin erməni separatizminə güzəştə getmək niyyətində olmadığını göstərdi. Bu fakt bir daha onu göstərdi ki, Ermənistanın ABŞ-ın kölgəsində daldalanmaq, onunla guya müttəfiqlik əlaqələri yaradacağı ilə bağlı görüntü formalaşdırmaq cəhdi imitasiyadan başqa bir şey deyil.