Qarabağdakı qondarma “seçki”lər beynəlxalq hüququn ayaqlanması deməkdir - Hərbi-siyasi ekspert
Qarabağdakı qondarma “seçki”lər beynəlxalq hüququn ayaqlanması deməkdir.
Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bir tərəfdən təmas xəttində hərbi təxribatlarını davam etdirən ermənilərin, digər yandan siyasi təxribatlara əl atması yolverilməzdir: “Separatçılar, eləcə də Ermənistan hərbçiləri mütəmadi şəkildə təmas xəttində ordumuza qarşı hərbi təxribatlar törətməyə çalışır, bunun üçün ən ağlagəlməz üsullara əl atırlar. Düşmənin Xocavənd istiqamətində ordumuza qarşı təxribat məqsədi ilə itdən sui-qəsdçi kimi istifadəyə cəhd göstərməsi erməni xislətinin nə qədər qorxunc və məkrli olduğunu göstərir.
“Separatçıların Qarabağda qondarma “seçki”lər keçirməsi isə onların həm də siyasi təxribatlarla məşğul olduğuna dəlalət edir. Bu fakt sübut edir ki, separatçılar belə qanunsuz “seçkilər”lə beynəlxalq ictimaiyyəti aldatmağa, onlarda bölgədəki reallıqlar haqqında yanlış təsəvvürlər formalaşdırmağa çalışır. Onlar bu cür qurama “seçkilər”lə göstərmək istəyirlər ki, guya Qarabağdakı ermənilər öz müstəqilliklərini qoruyub saxlayıblar və özlərinə azad şəkildə lider seçərək bundan sonrakı mübarizələrini davam etdirəcəklər. Halbuki, həm Xankəndi, həm də ətraf ərazilər Azərbaycan torpaqlarıdır və Konstitusiyamıza zidd olan bu seçkilərin heç bir hüquqi əsası yoxdur.
Bununla yanaşı, ölkəmizə qarşı davamlı xarakter alan bütün bu təxribatlar onu göstərir ki, erməni separatizminə qarşı daha sərt addımlar atmağa, onun yuvasını birdəfəlik ləğv etməyə ehtiyac var”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini deyib ki, aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanımadıqlarını bəyan ediblər: “Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayıb. Macarıstan, Rumıniya və Moldova kimi Avropa ölkələri də separatçıların addımlarının qeyri-legitimliyi ilə bağlı oxşar bəyanatlar veriblər. İslam Əməkdaşlıq Təşkilatı dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün səmərəli tədbirlər görməyə çağırıb. Üstəlik, Avropa Şurası, Türk Dövlətlərinin Parlament Assambleyası və digər beynəlxalq strukturların nümayəndələri də “seçkiləri” tanımadıqlarını bildiriblər. Bu arada, İran “seçkiləri” birbaşa pisləməyib, lakin keçirilən mətbuat konfransında bununla bağlı sualı cavablandıran İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı ölkəmizin ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib”.