"Ermənistanın hərbi birləşmələri təcili Qarabağ ərazisindən çıxarılmalıdır" - Polkovnik

 18:09 13.09.2023     466

"Uzun bir təzyiqdən sonra Rusiyanın maşınları buraxıldı, amma bizim yük maşınları hələ gözləyir. Qarabağdakı qondarma rejim müxtəlif variantlara əl atır, müxtəlif təxribatlara əl atır, yollar, infranstruktur minalanır. Bundan bizim əsgərlərimiz və ya mülki şəxslərimiz yaralanır".

Bunu Qarabağda ətrafında baş verən son prosesləri Redaktor.az-a şərh edən polkovnik Elşad İsayev söylədi.

O, qeyd etdi ki, ermənilərin bu təxribatları davam edəcək:

"Mən inanmıram ki, Qarabağda böyük müharibə baş versin. Sadəcə bu təxribatçı qurum, ağla gəlməyən təxribatlara əl atacaq. Bu yaxınlarda itin boğazına partlayıcı qurğu yerləşdirmişdilər, bunların xislətindədir bu. Hətta sabah məqbul addım atılsa belə, biz daim ehtiyatlı olmalıyıq. Bizim əsgərlərimiz, zabitlərimiz, Silahlı Qüvvələrimiz itki verməsin deyə son dərəcə ehtiyatlı olmalıdırlar. Açıq müharibə mümkün deyil. İstər erməni qoşunları, istər Ermənistan hakimiyyəti olsun, istərsə də Xankəndidəki saxta rejimi olsun, bunların Azərbaycan Silahlı Qüvvələri ilə qarşı-qarşıya gəlmək və 44 günlük müharibə kimi böyük bir müharibə aparmaqları qeyri-mümkündür. Bunu özləri də bilirlər, hamı da bilir. Bu, o qədər həssas bir məsələdir ki, Azərbaycan diplomatiyası son dərəcədə ehtiyatlı, məqsədyönlü, çox ağıllı siyasət aparır. Elə bir məsələdir ki, burada tələsmək olmaz. Addım-addım da olsa görürsünüz ki, bu məsələlər qaydasına düşür. Çünki bilirsiniz, bu, Ermənistanın və qondarma qurumun arxasında böyük güclər var və bu güclər orada öz maraqlarını gözləyir. Öz maraqlarına görə çalışırlar ki, orada stabillik olmasın, təxribatlar olsun. Ancaq bütün hallarda yenə deyirəm, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür. Mən bir keçmiş polkovnik kimi tövsiyə edirəm ki, son dərəcədə ehtiyatlı olmalıdırlar ki, artıq qurbanlar olmasın, əsgərlərimiz xəsarət almasınlar. İstənilən bir addımı diqqətlə izləsinlər və onu çox yüksək səviyyədə, peşəkarlıqla qarşısını alsınlar ki, başqa bir fəsadlar baş verməsin. Bu prosesdə mən hələlik bunu görürəm".

Elşad İsayev onu da əlavə etdi ki, Xankəndi ilə paralel olaraq bizim işğalda olan kəndlərimiz var.

"Məsələn, Qazax rayonu ərazisində bir neçə kəndimiz bu gün erməni işğalındadır, Naxçıvanda bir kəndimiz işğaldadır. Bu məsələlərin bir həlli var: separatçı rejimi özünü buraxmalıdır. Ermənistanın Xankəndidə yerləşən hərbi birləşmələri təcili Qarabağ ərazisindən çıxarılmalıdır. Mən ümid edirəm ki, Azərbaycan diplomatiyasının, Azərbaycan hakimiyyətinin çox məqsədyönlü siyasəti nəticəsində bunlar yavaş-yavaş öz həllini tapacaqdır", - deyə polkovnik bildirdi.

Humay İSGƏNDƏRLİ