Paşinyan Rusiyadan niyə üz döndərdi? - Ekspert açıqladı

 16:31 14.09.2023     676

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan üz döndərdiyini elan edib.

Belə ki, Paşinyan bu haqda ABŞ-ın “Politico” nəşrinə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz.

"Həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir. Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”, - deyə Paşinyan müsahibəsində deyib.

Ermənistan hakimiyyəti doğrudan da Rusiyadan üz döndərir, yoxsa bu, Paşinyanın bir oyunudur?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Redaktor.az-a danışdı.

Ekspert dedi ki, bu, Paşinyanın oyunu deyil:

"Bu qlobal güclərin Qafqaz uğrundakı savaşının yan təsirlərindən biridir. Vətən müharibəsindən sonra Qafqazda yeni düzən formalaşır. Dərhal da burada köhnə düzənin məğlub olması və yeni güclərin bu boşluğa daxil olması prosesi gedir. Rusiya demədi ki, Vətən müharibəsində Ermənistan məğlub olsun və birmənalı şəkildə bu məğlubiyyəti müttəfiqi Rusiyanın üzərinə yükləsin. Çünki Rusiya ilə Ermənistan arasında Gümrü müqaviləsi var. Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın 102-ci bazası Ermənistandadır. 100 il ərzində - Ermənistanın yaranmasından, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dönəminə qədər daim dəstəklənib. Biz 2000-ci illərə qədərki dönəmlərdə, öz kasıb dönəmimizdə maliyyə hesablarımızla Rusiyadan silah almışdıq, amma Ermənistana bir milyard dollarlıq silahı pulsuz-parasız vermişdilər". 

Əziz Əlibəyli hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsində günah Paşinyandadır.

"Moskva onun Qərbdən aldığı tezisdə Rusiyanın günahlandırılmasına, erməni cəmiyyəti qarşısında gözdən salınmasına və gələcək perspektivdə Avropa İttifaqına və NATO-ya qəbul olunmasına söykənmiş bir addım izləyir. Mahiyyət bundan ibarətdir və bunun müqabilində Ermənistanı bu gün sərt şəkildə həm Zaxarova, həm Lavrov, üst həddə Putin qınayırsa, deməli burda günah Ermənistanın idarəetmə sisteminin fərdlərindədir", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ