Papikyan rusiyalı generallarla Qarabağdakı vəziyyəti müzakirə etdi

 16:59 14.09.2023     283

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren papikyan Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov və Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrin yeni komandanı general-mayor Kirill Kulakov ilə Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı vəziyyəti müzakirə edib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın müdafiə naziri general-mayor Kulakovu yeni vəzifəyə başlaması münasibətilə salamlayıb və ona sülhməramlı missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan sərhədində və Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında əməliyyat vəziyyəti, mövcud problemlər, o cümlədən Rusiya sülhməramlı missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələlər müzakirə edilib. 

Papikyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini və "Laçın dəhlizinin qarşısının tez bir zamanda açılmasına" yönəlmiş səylərin vacibliyini vurğulayıb.

Bundan əvvəl Kulakov Bakıda olub və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla vəziyyəti müzakirə edib.

Xatırladaq ki, avqustun sonunda Kulakov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı postunda Aleksandr Lentsovu əvəzləyib.

Turan İSMAYIL