"Zəngəzur dəhlizi açılacaq" - Vahid Əhmədovdan AÇIQLAMA

 18:16 14.09.2023     806

"ABŞ tək Ermənistanla yox, onlarla dövlətlə hərbi təlimlər keçirir. Bunu yüksək səviyyədə qiymətləndirməyə ehtiyac yoxdur".

Bunu Ermənistanla ABŞ-ın keçirdiyi hərbi təlimləri İran XİN-in tənqid etməsi haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov söylədi.

Deputat qeyd etdi ki, İran dövləti bu təlimdən bir qədər narahatdır:

"Çünki İran-ABŞ münasibətlərində atomlarla, nüvə silahları ilə əlaqədar müəyyən gərginliklər var. Ona görə də onlar narahat ola bilər. Amma mən hesab edirəm ki, bu, növbəti planlaşdırılmış təlimlərdi. Bunun Azərbaycana faktiki olaraq heç bir dəxli yoxdur və narahatçılığı yoxdur. Amerika Birləşmiş Ştatları fikir verirsinizsə, hələ üç gün bundan əvvəl Qarabağda keçirilən "seçkilər"i tanımadı,  Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi. Hesab edirəm ki, ABŞ əvvəldən planlaşdırılmış təlimi həyata keçirir. Düzdür, son vaxtlar Ermənistan Rusiya ilə əlaqədar ciddi problemlər yaradır, hansı ki, vaxtında onların sayəsində faktiki dövlət kimi fəaliyyət göstərməyə başlayıblar. Amma indi müəyyən narahatlıqlar var və Qərblə işləyirlər. Onu da nəzərə alaq ki, Amerikanın ən böyük səfirliklərindən biri də Ermənistanda yerləşir. Amma Azərbaycanla Amerikanın münasibətləri normal səviyyədədir, diaspor təşkilatları bu işlərlə əlaqəli olaraq güclü işləyirlər. Dövlət başçımızın apardığı siyasət, istər qonşu dövlətlərlə olan siyasət, istər digər dövlətlərlə olan siyasət açıq siyasətdir və gizli iş yoxdur. İstəyir ki, bütün dövlətlərlə normal vəziyyət olsun. Fikir verirsinizsə, neçə vaxtdır çalışır ki, Ermənistanla sülh müqaviləsi bağlansın. Düzdür, onlar bunu uzadırlar, havadarları da həmçinin. Amma bu da öz həllini tapacaq, Zəngəzur dəhlizi də açılacaq, hər şey normallaşacaq", - deyə Vahid Əhmədov bildirdi.

Humay İSGƏNDƏRLİ