Tacikistanın Baş prokuroru Azərbaycanda səfərdədir

 14:55 15.09.2023     218

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Tacikistanın Baş prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru ilə tacikistanlı həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi, siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələr arasında əlaqələrin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığı vurğulanıb.

Baş prokuror qeyd edib ki, ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın uğurla inkişaf etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yusuf Raxmon təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına, Azərbaycanın prokurorluq orqanlarının cinayətkarlıqla mübarizədə formalaşdırılmış müsbət təcrübəsinin öyrənilməsinə böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.